Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul başa çatıb.
Teleqraf.com bildirir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasınan verilən məlumata görə, əvvəlki illərdən fərqli olaraq orta ixtisas təhsili müəssisələrinə cari il məzunlarınının (9-cu sinfi 2014-cü ildə bitirən) qəbulu buraxılış imtahanlarının nəticələri əsasında aparılıb. Ötən illərin məzunları üçün kolleclərə qəbul imtahanı isə iyunun 29-da keçirilib.
Abituriyentlərə imtahanda ana dili və riyaziyyat fənlərinin hər birindən 30 sual olmaqla ümumilikdə 60 sual təqdim olunub. Abituriyentin balları hesablandıqda hər düzgün cavab 1 balla qiymətləndirilib. Ümumi bal hər bir fənn üzrə toplanılan balların cəmi əsasında müəyyənləşib və toplanıla bilən maksimal bal 60-a bərabər olub.
İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılıblar.
TQDK tərəfindən abituriyentlərə ixtisas seçimində kömək məqsədilə müsabiqədə iştirak hüququ qazanmış abituriyentlərin ballarının paylanma cədvəli təqdim olunub. Onu da bildirək ki, bu təhsil səviyyəsi üzrə ayrılmış plan yerlərinin sayı ötən illə müqayisədə xeyli azalıb. Belə ki, 2013-cü ildə plan yerləri 13957, 2014-cü ildə isə 9601 yerdən ibarət idi.
Müsabiqə nəticəsində 9601 plan yerinə 8786 abituriyent qəbul olmuş, qəbul planı 91,43% dolub.
Kolleclərə qəbul olan gənclərin 8484 nəfəri Azərbaycan bölməsi, 302 nəfəri rus bölməsinin abituriyentləridir. Müsabiqə nəticəsində qeydə alınmış ən yüksək keçid balı 53, ən aşağı keçid balı isə 16 bal olub.
Abituriyentlər arasında bəzən düzgün anlaşılmayan bir məsələyə aydınlıq gətirmək istəyirik. Müsabiqədə iştirak etmək üçün tələb olunan minimal bal həddi ilə hər hansı ixtisasa keçid balı arasında fərq varmı, yoxsa bunlar eyni şeydir? Əlbəttə, bunlar tamamilə fərqli anlayışlardır. Müsabiqə şərti TQDK tərəfindən müsabiqəyə buraxılmaq üçün qoyulan minimal tələbdir. Bu o deməkdir ki, müsabiqədə yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər. Tutaq ki, cari ildə imtahan verən hər hansı abituriyent 17 bal toplayıb. Lakin onun bir fəndən balı 8-dən azdır. Bu halda mövcud müsabiqə şərtini yerinə yetirmədiyinə görə onun müsabiqədə iştirak etmək hüququ olmayacaq. Keçid balı isə müsabiqə aparıldıqdan sonra hər ixtisas üzrə ayrı-ayrılıqda formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olur. Fərz edək ki, hər hansı ixtisas üzrə qəbul planı 25 yerdən ibarətdir. Həmin ixtisası ərizəsində müsabiqə şərtlərini ödəmiş 140 nəfər göstərib. Bu zaman həmin 140 nəfərdən ən yüksək bal toplayan 25 abituriyent bu ixtisasa qəbul edilir və 25-ci abituriyentin balı həmin ixtisas üzrə formalaşmış keçid balı olur.
Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilirdi. Abituriyentlər yalnız öz elektron ixtisas seçimi ərizələrində göstərdikləri ixtisasların müsabiqəsində iştirak ediblər. İxtisas kodlarının ardıcıllığını abituriyentlər özləri müəyyənləşdiriblər. Müsabiqə zamanı abituriyentlərin yerləşdirilməsi onların seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilib və onlar müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdiriliblər.