15 İyul 2014 18:25
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

7 nəfər 700 bal toplayıb

Keçid balı 150-yə endirildi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 12-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanlarının nəticələrini açıqlayıb.

TQDK-dan Teleqraf.com-a daxil olan məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün sənəd vermiş 28962 (21835 nəfər I qrup üzrə, 7127 nəfər qrup üzrə) abituriyentdən 1227 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 27735 abituriyentdən 28 nəfəri imtahan qaydalarını pozduqları üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İxtisas seçimi iyulun 24-dən avqustun 5-dək keçiriləcək

I ixtisas qrupu üzrə 12319, IV ixtisas qrupu üzrə 3022 nəfər müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb.

I ixtisas qrupu üzrə 5 nəfər, IV ixtisas qrupu üzrə 2 nəfər maksimum nəticə - 700 bal toplayıb.

İxtisas seçimi (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 5-dək həyata keçiriləcək

TQDK yenə endirim etdi

Qeyd edək ki, TQDK I və IV ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları) üçün keçirilmiş qəbul imtahanının nəticələrinə əsasən, hər iki qrup üzrə müsabiqə şərtlərini dəyişərək keçid ballarını aşağı salınıb.

I ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Dövlət sifarişli ixtisasların müsabiqəsində ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

IV ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Dövlət sifarişli ixtisasların müsabiqəsində ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Xüsusi qabiliyyət tələb edən ixtisasların bəzi istiqamətləri üzrə müsabiqə şərtlərində dəyişiklik edilib. Buna dair cədvəl TQDK-nın internet saytında yerləşdiriləcək.


Aqrar Universitetdə keçid balı 150-dir

Azərbaycan Dövlət Aqrar Universitetinin I və IV qruplar üzrə ixtisaslarını ümumi balı 150-dən az olmayan abituriyentlər seçə bilərlər (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur).

Qeyd edək ki, əvvəldən elan olunmuş müsabiqə şərtlərinə görə, ixtisas seçiminə I və IV ixtisas qruplarında ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılırdı.


İxtisas seçimi (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 5-dək həyata keçiriləcək.

SEVİL


Müəllif: