17 İyul 2014 12:03

Səbail rayonu Bayıl qəsəbəsində yerləşən 49 saylı orta məktəbin şagirdləri və onların valideynləri etiraz edirlər.

Buna səbəb adıçəkilən məktəbdə rus bölməsinin bağlanmasıdır.

Məsələ ilə bağlı ans press-ə daxil olan şikayətdə bildirilir ki, 49 saylı orta məktəbdə rus bölməsi bağlandığına görə, şagirdlərin Bayıl qəsəbəsində yerləşən digər təhsil müəssisəsinə - 203 saylı məktəbə köçürülməsinə başlanılıb. Valideynlərin sözlərinə görə, 203 saylı orta məktəb sürüşmə zonasında yerləşir. Buna görə də onlar narahatdırlar.

“Həmin zonada dəfələrlə torpaq sürüşmələri olur. Bundan başqa kim bizə zəmanət verə bilər ki, 203 nömrəli məktəbdə təhsil səviyyəsi daha yaxşı olacaq”.

Şikayətçilərin sözlərinə görə, şagirdlərin digər məktəblərə köçürülməsinə icazə verilimir. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tapşırıq verib ki, şagirdlər məhz 203 saylı məktəbə yerləşdirilməlidir.

Məsələ ilə bağlı BŞTİ ilə əlaqə saxladıq. İdarənin mətbuat xidmətindən verilən məlumata görə, 49 saylı orta məktəbdə rus bölməsində müəllim çatışmamazlığını və qanunvericiliyə uyğun olaraq siniflərdə şagird komplektləşdirilməsi minimumu təmin olunmadığı üçün bağlanır. "Ona görə də bu məktəbin həm rus bölməsində çalışan müəllimlərin, həm də təhsil alan şagirdlərin yaxınlıqda yerləşən 203 saylı məktəbə köçürülməsinə dair qərar qəbul edilib. Bununla mümkün ixtisarların qarşısı alınıb. Hər iki məktəbdə isə təhsil səviyyəsi eynidir. Qeyd edilən məktəblərin rus bölməsində çalışan müəllimləri BŞTİ tərəfindən keçirilən Sınaq Qiymətləndirilməsində yüksək nəticə göstərib".

Şagirdlərin köçürülməsinə gəlincə, BŞTİ-dən bildirdilər ki, valideynlər övladlarını istədikləri digər məktəblərə də yerləşdirə bilər.

/ans press/


Müəllif:
Загрузка...