2 İyun 2017 10:38
1 768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezident Administrasiyasında edilən struktur dəyişikliyi nəticəsində bəzi məmurlar tutduqları vəzifələrini itiriblər. Yeni strukturda yer almayanlardan biri də İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri xidmətinin İqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimovdur.

Modern.az-ın məlumatına görə, Mail Rəhimov uzun illərdir Administrasiyada işləyirdi.

M.Rəhim hələ eks-prezident Ayaz Mütəllibov dövründə Prezident Administrasiyasında vəzifəyə gəlmişdir. O, də Administrasiyada dörd prezidentlə işləyən məmurlardan idi.

M.Rəhimov “Ağ ev”ə vəzifəyə 24.10.1991-ci il tarixində gətirilib. O, Prezidentin İcra Aparatında ölkə başçısının müşaviri xidmətində məsləhətçi, daha sonra (09.12.1991 - 12.05.1992) İqtisadiyyatın idarə edilməsinin təşkili məsələləri şöbəsinin müdiri olub.

Elçibəy hakimiyyəti dövründə (12.05.1992 - 06.05.1993) Mail Rəhimov Prezidentin İcra Aparatının Sosial-iqtisadi inkişaf şöbəsinə müdirlik edib.

Daha sonra Heydər Əliyevin komandasında təmsil olunan Mail Rəhimov 28.12.1993 - 27.06.1996-cı illərdə Prezidentin İcra Aparatının İqtisadi siyasət şöbəsində böyük məsləhətçi vəzifəsini tutub.
27.06.1996-cı ildən isə Prezident Administrasiyasında İqtisadi siyasət məsələləri şöbəsinin müdiriydi.

2016-cı ildə Azərbaycan Prezidenti Administrasiyasının İqtisadi siyasət məsələləri şöbəsi ləğv olundu.

Həmin vaxt struktur islahatlarından sonra İqtisadi siyasət məsələləri şöbəsi Prezidenti Administrasiyasının şöbələri sırasından çıxarıldı.

Onun yerində Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri xidmətinin İqtisadi siyasət məsələləri şöbəsi yaradıldı.

Bu şöbəyə Mail Rəhimov müdir təyin olundu. Sonuncu – dünənki struktur islahatın nəticəsində isə Prezident Administrasiyasındakı ən stajlı şöbə müdiri Mail Rəhimov vəzifəsini itirdi.


Müəllif: Teleqraf.com