2 İyun 2017 16:57
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Amerikada Prezident Donald Trampa qarşı ciddi müqavimət müşahidə edilir. Xüsusilə Demokratlar Partiyasından olan konqresmenlər və senatorlar Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinin mümkün detallarını araşdırır. Artıq ABŞ-ın baş prokuroru da rusiyalı diplomatla gizli danışıqlar aparmaqda günahlandırılır. Qərb mediası Trampın impiçment ehtimallarını gündəmə gətirib.

Teleqraf.com bu mövzuda politoloq Elxan Mehdiyevlə müsahibəni təqdim edir.

- Elxan bəy, ABŞ-da siyasilərin və medianın Prezident Donald Trampın siyasətinə qarşı güclü müqaviməti müşahidə edilir. Xüsusilə Tramp komandasının Rusiya ilə əlaqələri bir neçə struktur tərəfindən ciddi araşdırılır. Baş verənləri necə şərh edərdiniz?

- ABŞ qəzetləri və televiziyalar faktiki olaraq Donald Trampa müharibə elan edib. ABŞ-da prezident seçkiləri kampaniyası zamanı medianın fəaliyyəti anti-kampaniya xarakteri daşıyırdısa, Tramp prezident seçildikdən sonra bu proses müharibə xarakterini alıb. Çünki Amerikanın qəzet və televiziyaları, habelə onları himayə edən siyasi qütb Trampı biabır etmək xətti götürüb. Onlar Trampın prezident olmasını heç cür həzm edə bilmirlər. Düşünürlər ki, hazırkı mübarizədə Tramp qalib gələ bilməyəcək. Çünki ABŞ cəmiyyətində media və televiziya çox böyük, deyərdim ki, həlledici rol oynayır. İstər Konqres seçkiləri, istərsə də prezident seçkilərində media əhəmiyyətli instrumentdir. Tramp prezident seçildikdən sonra ona faktiki müharibə elan edilib. Məqsəd nədir? Qənaətimcə, Prezident Trampı nüfuzdan salmaq, onun bacarıqsız olduğu, ABŞ-ın dünyada liderliyini pozduğu, Rusiyaya sirli informasiyalar ötürdüyü, Putinin adamı olduğu, iqtisadiyyatı dağıdacağı, NATO və Avropa Birliyi ilə münasibətləri pozacağı, ümumiyyətlə, Amerikanı fəlakətə aparacağı barədə fikir formalaşdırmaq, ifşa kampaniyası aparmaqdır. İstəkləri Trampı nüfuz və hörmətdən salmaq, imkan olsa, impiçment edərək vaxtından əvvəl devirməkdir. İndi gedən proseslərin əsas məqsədi budur.

- Prezident Tramp ABŞ-ın iqlimə dair Paris razılaşmasından çıxdığını elan edib. Sabiq prezident Obama Trampın bu qərarını təhlükə kimi qiymətləndirib. Sözsüz ki, qlobal istiləşmə məsələsi də dünyanı idarə edən güclərin maraq dairəsinə aiddir. Bu mənada Trampın Paris razılaşmasından çıxması ona qarşı həm də tələ ola bilərmi?

- İlk olaraq nəzərə almaq lazımdır ki, Obama Demokrat Partiyasını təmsil edir. Bu mənada onun dediklərini sürpriz hesab etmək doğru olmazdı. Obamanın təmsil olunduğu siyasi qütb Donald Trampı qəbul etmir. Bu mənada Trampın büdrəməsindən, qeyri-standart addımlarından istifadə edərək, onu Amerikaya fəlakət gətirəcək biri kimi gözdən salmağa çalışacaqlar. Donald Tramp hələ seçki kampaniyası zamanı Paris razılaşmasından çıxacağını elan etmişdi. Həm də bu qərarı əsassız atmayıb. Əksinə, bu addıma Amerika iqtisadiyyatına vurulan zərbənin qarşısını almaq istədiyini əsaslandıraraq gedib. Tramp bildirib ki, bu məsələ çox şişirdilib, belə məhdudiyyətlərlə ABŞ iqtisadiyyatı uduzur. O, bu səbəbdən müqavilədən çıxdı.

- ABŞ-ın bu addımından sonra qlobal istiləşmənin dünyaya mənfi təsirləri güclənə bilərmi?

- Ətraf mühit analitikləri neçə illərdir ki, ciddi diskussiya aparır. Qeyd edirlər ki, dünyada çoxlu sayda sənaye müəssisələrinin, avtomobillərin artımı karbon qazının atmosferə yayılmasına səbəb olur və nəticədə yer üzünün temperaturu dəyişir. Bu da Şimal Buzlu okeana və ümumilikdə atmosferin tarazlığının pozulmasına səbəb olur, gələcək nəsillərin sağlıq durumunu təhlükə altına salır. Belə yanaşmalar var. Tramp da deyir ki, ekologiyanı Paris müqaviləsi ilə deyil, hər bir zavodun, sənaye müəssisəsinin özünün ətraf mühitlə bağlı tədbirləri ilə qorumağın tərəfdarıdır. Üstəlik əlavə edir ki, ətraf mühiti ən çox qoruyan elə onun özü olacaq və bunu dünyaya sübut edəcək.

Həm də Trampın bu addımları NATO-nun, Qərbi Avropa ölkələri birliyinin çalxalanmasına gətirib çıxarır. Onlar ABŞ prezidentinin qeyri-standart addımlarını, əvvəlki hər şeyi qurban verərək ümumi birliyi qorumaq prinsipini yaxın buraxmamasını narahatlıqla qarşılayır. Yəni onun siyasəti müttəfiqlərində ABŞ-a qarşı inamsızlığın yaranmasına səbəb olur. Bu narahatlığı da bu yaxınlarda Angela Merkel ifadə etdi.

- ABŞ Baş prokuroru Ceff Seşns ilə Rusiyanın ABŞ-dakı səfiri Kislyakın gizli görüşü olduğu və bununla bağlı Konqresdə ciddi araşdırmaların aparıldığı deyilir. Bu kampaniya ilə Prezident Tramp rəqibləri tərəfindən tam neytrallaşdırıla bilərmi?

- Əslində, ABŞ-da bu müzakirələr yeni açılmayıb. Proses prezidentin təhlükəsizlik məsələləri üzrə müşaviri general Flinlə başlamışdı. Onunla paralel olaraq Baş prokuror Ceff Seşns məsələsi də ortaya çıxdı. Yəni bu təzə məsələ deyil. İndi Amerikada Trampı ləkələmək üçün Rusiya Prezidenti Putindən istifadə olunur. Xüsusilə, Trampın Putinlə bağlı xoş sözlərindən bəhanə kimi istifadə edilir. Putinlə bağlı ABŞ-da Səddam Hüseyn kimi imic yaradılır. Beləcə, Putinlə hər hansı bir şəxsin əməkdaşlıq etməsi və ona xoş sözlər deməsinin qəbuledilməz olduğu reallığı yaradılır. Sonra isə bundan Prezident Trampın özünə və komandasına qarşı istifadə edirlər. Həmin dövrdə indiki Baş prokuror Ceff Seşns senator idi. Senatorların da işi səfirlərlə, diplomatlarla görüşüb müzakirə aparmaqdır. Ceff Seşns elan etdi ki, Rusiyanın ABŞ-dakı səfiri ilə görüşüb və burada qəbahətli bir məsələ yoxdur. Bu mənada media rus diplomatları ilə görüşən Tramp komandasının üzvlərinə bu şəkildə damğa vurur.

- Prezident Trampın ABŞ-ın Tel-Əvivdə yerləşən səfirliyini Qüdsə köçürmək niyyətindən imtina etməsini daxili qarşıdurmanın nəticəsi hesab etmək olarmı?

- Tramp vaxtında bəyan etmişdi ki, prezident olarsa, səfirliyi Tel-Əvivdən Qüdsə köçürəcək. Ancaq prezident olduqdan sonra özünün dediyi kimi, bunun ciddi və həssas məsələ olduğunu nəzərə aldı. Dedi ki, əgər belə bir qərar versə, bu, regionu sülhə deyil, qeyri-stabilliyə aparacaq. Bu səbəbdən də səfirliyi Qüdsə köçürmədi. Çünki Trampın özü hazırda Fələstin-İsrail danışıqlarında yeni mərhələ açmaq niyyətindədir. Əgər bununla paralel olaraq ABŞ-ın Tel-Əvivdəki səfirliyi Qüdsə köçürülərsə, bu zaman danışıqlar prosesi tamamilə pozular.

- Bu qərar yəhudi lobbisinin Trampa qarşı olan qüvvələrə meyl etməsinə səbəb ola bilərmi?

- Yox. Bu, bir qədər geniş məsələdir. Bəlkə də bu mövzuda danışmağa dəyməz. Qısaca onu deyə bilərəm ki, yəhudi lobbisi və ya etnik yəhudilər ABŞ-dakı qəzet və televiziyaların faktiki sahibləridir. Onlar orada ideologiyaya uyğun olaraq bölünüblər. Təbii ki, İsrail məsələsində vahid mövqe tuturlar, amma bu o demək deyil ki, hər məsələdə eyni mövqedən çıxış edirlər. Üstəlik Qüds məsələsində belə onların hamısı vahid mövqe tutmur, çünki onlar demokratik düşüncəli insanlardır. Bu, çox geniş mövzudur.

- 2017-ci ilin əvvəlindən Prezident Trampa qarşı başlanan kampaniya sizcə, hansı sonluqla başa çata bilər?

- Bir daha qeyd edirəm, Trampa qarşı olan qüvvələrin məqsədiprezidenti iftiralarla hörmətdən salmaq, onun yararsız və bacarıqsız biri olduğunu, ABŞ-ın milli maraqlarını, təhlükəsizliyini, hüquq sistemini təhlükə altına qoyduğunu sübut etməkdir. Beləcə, bəhanələr taparaq Trampın vaxtından əvvəl hakimiyyətdən getməsini təmin etmək istəyirlər. Amma buna əsas yoxdur. Proses daha çox təbliğat üzərində qurulub.

- Niyə əsas yoxdur?

- Çünki Tramp xalqın seçimi ilə hakimiyyətə gəlib. Onu media və siyasətçilər seçməyib. Tramp ABŞ maraqlarına uyğun qeyri-standart addımlar atır. Ona qarşı Rusiya ilə əməkdaşlıq, guya onun hüququ ayaqlar altına atdığı barədə iddialar tamamilə əsassızdır.

- Demək istəyirsiniz ki, indiki mübarizədə qalib gələn Prezident Tramp olacaq?

- Ciddi mübarizə gedir. Prezident Tramp onların qarşısında əsla əyilmir. Əksinə, o bəyan etdi ki, onu jurnalistlər deyil, xalq seçib.

- Hazırda dünyada ABŞ-Rusiya qarşıdurması varmı?

- Sözsüz ki, var. Daha doğrusu, bir sıra məsələlərlə bağlı qarşıdurma mövcuddur. Tramp da istəyirdi ki, bu məsələləri yoluna qoysun. Lakin indi ABŞ-da elə bir mühit yaradıblar ki, prezident sərbəst hərəkət edə bilmir. Çünki sərbəst hərəkət edərsə, bu zaman üzərinə hücum olacaq, kampaniya başlayacaq. Tramp medianı qulaqardına vursa da, əslində, prezidentin üzərinə bir yarlıq qoyur. Odur ki, Tramp sərbəst hərəkət etmək imkanında deyil. Əvvəl prezident seçiləndən qısa müddət sonra Putinlə görüşmək fikrində idi. Amma gördüyünüz kimi, Rusiya ilə münasibətlər daha da pisləşdi. Hər gün Trampın prezident seçilməsində Rusiya izi axtarırlar. Hansı ki, Rusiya xüsusi xidmət orqanları və ya hakerlərinin ABŞ siyasətinə təsir etməsini ağlıma gətirə bilmirəm. Bildiyiniz kimi, mən uzun illər ABŞ-da yaşamışam, oranı tanıyıram və indi də əlaqələrim var. Prezident seçkilərinə Rusiyanın təsiri ağlasığmaz yalandır.

- Bu halda Trampın Rusiya ilə münasibətləri necə olacaq?

- Artıq tərəflər arasında diplomatik təmas baş verib. Lavrov ABŞ-da səfərdə olub. Dövlət katibi də Moskvada müzakirələr aparıb. İyul ayında isə Tramp-Putin görüşü baş verə bilər. Bundan sonra münasibətlərin necə olacağına aydınlıq gələcək.

- İmpiçment ehtimalı nə dərəcədə realdır?

- Konqresdə Respublika Partiyası çoxluq təşkil edir. Bu mənada impiçment qeyri-mümkündür. İkincisi, lap 2 ildən sonra Demokratlar qalib gəlsə belə, Senatın üçdə ikisinin impiçmentə səs verməsi lazımdır. Bu da mümkün olan məsələ deyil. Nəzərə alın ki, heç bir partiya Senatdakı yerlərin üçdə ikisini qazana bilmir.


Müəllif: Nemət