19 İyul 2014 10:31
1 310
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) sabiq prezidenti Ədalət Əliyev Ukraynanın Donbas vilayətində “Boeing 777” tipli mülki təyyarənin vurulması hadisəsinə münasibət bildirib.


Ə.Əliyev sözügedən təyyarənin Rusiyadakı bəzi təxribatçı qüvvələr tərəfindən vurulduğunu ehtimal etdiyini bildirib:

“O təxribatçılar vaxtilə Azərbaycanın başına hər cür oyunlar gətiriblər, indi də Ukraynanın başına gətirirlər. İndi Rusiya xüsusi hərbi qüvvələrini Ukrayna ərazilərinə yeridib. Donbas Rusiyaya yaxın sərhəddə yerləşən ərazidir. Həmin əraziyə enən istənilən təyyarəni isə Rusiyaya məxsus olan yer-hava raketləri ilə vurmaq mümkündür. Əslində isə, mülki təyyarələrin vurulması beynəlxalq qanunların kobud şəkildə pozulması deməkdir”.

Ukrayna üzərindən uçan Azərbaycana məxsus mülki təyyarələrin nə qədər təhlükəsiz olması barədə məsələyə də toxunan Ə.Əliyev bu cür mürəkkəb vəziyyət yarananda təxribatçı qüvvələrinin hər şeyə əl ata biləcəyini deyir:

“Onlar bunu nəinki Ukraynada, bizdə də edə bilərlər. Hər şeyi gözləmək olar. Ancaq Ukraynadan fərqli olaraq, Azərbaycanın hava məkanı indi təhlükəsizdir. Şükürlər olsun ki, Azərbaycan üçün hələlik bu cür təhlükə yoxdur. Yəni, Azərbaycanın hava sərhədləri güclü mühafizə olunur”.

Xatırladaq ki, iyulun 17-də Ukraynanın döyüşlərin getdiyi ərazisi üzərində “Malayziya Hava Yolları”na məxsus təyyarə qəzaya uğrayıb. Təyyarənin vurulduğu ehtimal olunur. Qəzada 300-ə yaxın adam həlak olub.

/publika.az/


Müəllif: