3 İyul 2017 19:12
2 759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin tapşırığına əsasən, Yasamal rayonu ərazisində yerləşən Hacı Cavad məscidi artıq A.M. Şərifzadə küçəsində yenidən tikilir.

Teleqraf.com saytı olaraq məscidin tikinti işləri ilə tanış olmaq üçün deyilən ünvana yollandıq. Məscidin ərazisində olan zaman işlərin bir qisminin artıq yekunlaşdığının şahidi olduq. Tikinti işləri barədə geniş məlumat almaq üçün iş icraçısı ilə söhbətləşdik.

Adının çəkilməsini istməyən iş icraçısı deyir ki, tikintisi davam edən ibadət evi görkəminə görə əvvəlkindən daha böyük və müasir standartlara uyğun olacaq:

“Məscid bir gümbəzli, bir minarəli olacaq. Köhnə məsciddən fərqli olaraq, yeni məsciddə idarə binası da nəzərdə tutulub, artıq həmin bina demək olar ki, hazırdır. Məscidin binasının birinci hissəsinin tikintisinə başlanacaq. Məscid on dörd sot ərazidə inşa olunur. İbadət evində eyni vaxta 500-550 insan ibadət edcək. Birinci mərtəbə kişilər, ikinci mərtəbə qadınların ibadəti üçün nəzərdə tutulub. Əsas hissədə gümbəz, yan hissədə kişi və qadınlar üçün dəstəmaz otaqları inşa ediləcək”.

Məscidin planına baxış keçirdik. Yeni ibadət evinin tikintisində bütün ənənələr nəzərə alınıb.

İcraçı bildirdi ki, məcidin fasadı aqlay elemetləri ilə işlənəcək:

“Yeni tikilən məscidin olduğu yer 400 kvadratmetr sahəni əhatə edəcək. İbadət evinin 29 metr 80 santimetr hündürlüyündə 1 minarəsi və bir günbəzi olacaq. Məscidin öz hündürlüyü isə 18 metr olacaq”.

Hazırda tikinti işlərində 40-50 işçi işləyir.

İş icraçısı bildirib ki, tikintinin maksimum tez bir vaxta bitməsi üçün səy götərirlər:

“Tikintiylə tanış olmaq üçün 2 gün əvvəl Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən nümayəndələr gəlib əraziyə baş çəkdilər. Tapşırığa əsasən, gələn Ramazan ayına qədər məscid tam tikilib, təhvil verilməlidir. Amma bizim proqnozlarımıza görə, daha tez hazır olacaq”.

Məsciddə cənazə yumaq üçün otağın da əlavə hissədə tikiləcəyi nəzərdə tutulub.

Məscidin tikintisi hazırda Yasamal Rayonu İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Hacı Cavad məscidinin köçürülməsi ilə bağlı mətbuatda məsələyə münasibət bildirib. Onun sözlərinə görə, yaxın vaxtlarda həmin məscid mömin insanların istifadəsinə veriləcək:

“Məscidin yeni ünvana köçürülməsi ilə əlaqədar Dini Komitə, Qafqaz Müsəlmanları İdarəsi və digər müvafiq qurumlar burada ibadət edən mömin insanlarla görüş keçirib, geniş söhbətlər aparılıb, izahat verilib və bundan sonra ümumi razılıqla məscidin yeni ünvana köçürülməsi işlərinə başlanıb”.

Mübariz Qurbanlı qeyd edib ki, bəzi qüvvələr var ki, məsələni başqa məcraya yönəltmək istəyirlər:

“Hacı Cavad məscidinin yeni ünvanda tikilməsi məhz prezidentin himayəsi və göstərişi ilə davam etdirilir. Ona görə də bu mövzu altında kimlərsə hay-küy qaldırırlarsa, dinimizə deyil, başqa məqsədlərə xidmət edirlər”.

İlhamə
Foto Elçin


Müəllif: Teleqraf.com