5 İyul 2017 14:12
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Rusiya arasında vətəndaşların vizasız gediş-gəlişi və strateji tərəfdaşlığa dair saziş imzalanıb. Azərbaycan multikultural ənənələri ilə fəxr edir. Bu, dünya üçün nümunədir. Amma təəssüf ki, Azərbaycan erməni işğalından əziyyət çəkir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Rusiya vətəndaşı olan ermənilərin Azərbaycana gələrkən hava limanında gözlədilməsi və geri göndərilməsi barədə Rusiya XİN-in bəyanatını şərh edərkən deyib. O bildirib ki, bu barədə Rusiya tərəfinə məlumat verilir:

“Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü nəticəsində qanlı etnik təmizləmə siyasəti həyata keçirilib. Bu siyasət Ermənistan ərazisində də aparılıb. Təəssüf ki, milliyyətcə erməni olan bəzi şəxslər etnik zəmində təfriqə aparır. Bu səbəbdən biz bu kimi tədbirlər həyata keçiririk. Rusiyalı həmsədr, o cümlədən digər həmsədrlər üzərilərinə düşən öhdəlikdən çıxış edərək münaqişənin həlli üçün səylərini artırmalıdır. Ermənistan silahlı qüvvələri işğal altındakı ərazilərimizdən çıxarılmalıdır. Regionda sülh, hərtərəfli gediş-gəliş və sivil münasibətlər təmin olunmalıdır”.

Qeyd edək ki, Rusiya XİN Azərbaycana gələn Rusiya vətəndaşlığına malik ermənilərin etnik mənşəyinə görə diskriminasiyaya məruz qaldığını iddia edib.


Müəllif: Səxavət