5 İyul 2017 19:57
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alıxanlı kəndinin atəşə tutulması və bu təxribat nəticəsində kənd sakinləri Quliyeva Sahibə və Quliyeva Zəhranın həlak olması ilə bağlı məsələ İstanbulda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 49-cu sessiyasında qaldırılıb.

Teleqraf.com xəbər verir ki, Azərbaycanın QDİƏT Parlament Məclisindəki nümayəndə heyətinin rəhbəri, millət vəkili Eldar Quliyev çıxışında Azərbaycan Müdafiə Nazirliyinin məlumatını iclas iştirakçılarının diqqətinə çatdırıb:

“İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alıxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü, heç 2 yaşı tamam olmayan Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb. Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb. Baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

E.Quliyev deyib ki, bir sıra beynəlxalq təşkilatlar bu təxribatı pisləyən bəyanatlar səsləndirib.
QDİƏT Parlament Məclisinin üzvlərinə öldürülmüş Quliyeva Zəhranın fotosunu təqdim edən Azərbaycan nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, dinc sakinlər növbəti dəfə erməni hərbçiləri tərəfindən atəşə məruz qalıblar.

“Azərbaycan sülhsevər bir dövlət kimi belə təxribatları qəti şəkildə pisləyir” - E.Quliyev bildirib. (“Report”)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər