DGK-dan Teleqraf.com-a verilən məlumata görə, konfransın sonuncu günündə üç sessiya keçirilib.
Öncə Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının Şimal-Qərb İdarəçilik İnstitutunun professoru Sergey Çijikovun moderatorluğu ilə keçirilən sessiya “Gömrük qanunvericiliyinin modernləşdirilməsində beynəlxalq təcrübə”yə həsr edilib.
Sessiyada Polşa, Rusiya Federasiyası, Ukrayna, Avstriya və Belarus təhsil müəssisələrinin təmsilçiləri “Malların beynəlxalq ticarəti ilə əlaqədar şirkətlərdə gömrük qanunvericiliyinə riayət olunmasının idarə edilməsi”, “Gömrük sərhədindən malların qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısının alınmasında qabaqcıl üsul kimi gömrük nəzarətinin təşkili”, “Avropaya inteqrasiya prosesi kontekstində Ukrayna gömrük sistemində islahatlar”, “Kontrafakt malların ticarəti ilə bağlı gömrük nəzarəti və iqtisadi və hüquqi nəticələr”, “Avrasiya İqtisadi Birliyi sistemində gömrük hüququnun genezisi”, “Beynəlxalq xidmət biznesi üzrə real vəziyyətə ətraflı baxış”, “Avropa İttifaqına poçt göndərişlərinin gömrük qiymətləndirməsi üzrə mövcud problemlər” və “Zamanın tələblərinə müvafiq olaraq Belarus Respublikası gömrük xidmətinin təkmilləşdirilməsi” adlı məruzələr söyləyib, dinləyicilərə faydalı biliklər çatdırıblar.
Sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, professor İqbal Babayevin moderatorluğu ilə “Rəqəmsal gömrük/elektron gömrük, elektron ticarət və gömrük məlumatlarının təhlili” adı ilə beşinci sessiya keçirilib.
Sessiyada ABŞ, Türkiyə, Makedoniya, İran, Azərbaycan, Ukrayna və Rusiya Federasiyası təhsil ocaqları və gömrük xidmətlərinin nümayəndələrinin “Hər şey üçün şəbəkə: gömrük idarəçiliyində gələcək çağırışlar”, “Tranzit sistemlərinin rəqəmsallaşdırılmasında Türkiyənin təcrübələri və tətbiq etdiyi layihələr”, “Makedoniya Respublikasında elektron ticarət”, “Gömrük işi sahəsində proseslərin asanlaşdırılmasında elektron gömrüyün rolu”, “Azərbaycanda kağızsız ticarət: son nailiyyətlər”, “Elektron kommersiyanın gömrük tənzimlənməsi: beynəlxalq təcrübə və onun Ukraynada tətbiqinin perspektivləri”, “Avrasiya İqtisadi Birliyinin fəaliyyəti çərçivəsində ilkin məlumat mübadiləsi sistemlərinin tətbiqi təcrübəsi”, “Makedoniya Respublikasında elektron gömrük”, “Gömrük tranzit proseduru ilə bağlı informasiya texnologiyaları” və “Elektron kommersiya və əqli mülkiyyət hüququnun pozulması” mövzusunda çıxışları dinlənilib.
Nəhayət, Belarusun Gömrük Orqanları Kadrlarının İxtisasının Artırılması və Yenidən Hazırlanması üzrə Dövlət İnstitutunun rəhbəri, doktor Valiantsina Ananyevanın moderatorluğu ilə keçirilən sonuncu sessiya “Biliyə əsaslanan gömrük təhsili (bacarıqlar, səriştələr və s.)” mövzusuna həsr olunub.
Bu sessiyada isə Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU), eləcə də Belarus və Macarıstan təhsil müəssisələrinin əməkdaşlarının “Beynəlxalq gömrük təhsili, tədqiqatlar və potensialın gücləndirilməsi sahələrində Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin rolu”, “Gömrük işi sahəsində kadrların hazırlanması üzrə innovativ yanaşmalar”, “Boloniya sazişi və onun Macarıstanın gömrük əməkdaşlarının təhsilində tətbiq edilməsi” və “Gömrük əməkdaşlarının peşəkar hazırlığının psixoloji təminatı” adlı məruzələri dinlənilib.
Bununla da konfrans öz işini başa vurub.
Konfransın yekununda çıxış edən Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi (INCU) Katibliyinin rəhbəri, doktor Mixail Kaşubski öncə iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatı barədə məlumatı konfrans iştirakçılarının diqqətinə çatdırıb.
“Dünən Ermənistan hərbi qüvvələrinin bombardmanı nəticəsində iki azərbaycanlı mülki şəxs həyatını itirib ki, onlardan biri 2 yaşlı qız uşağıdır. Mən Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin rəhbərliyi adından Azərbaycan xalqına başsağlığı verirəm. Həqiqətən də bu, acı və xoşagəlməz bir xəbərdir”, - deyə Mixail Kaşubski söyləyib.
Daha sonra "Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar" mövzusunda II Beynəlxalq Tələbə Konfransının təşkilinə və yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəhbərliyinə minnətdarlıqlarını ifadə edən INCU Katibliyinin rəhbəri Mixail Kaşubski xüsusilə gömrük sahəsində təhsil alan gənc nəslin fikirlərinin, onların bu sahəyə baxışlarının və yanaşmalarının öyrənilməsinin gömrük işinin gələcəkdə daha səmərəli şəkildə qurulmasına böyük kömək göstərəcəyinə əminliyini ifadə edib.
Eyni zamanda, konfransda iki Nobel mükafatı laureatının gömrük və beynəlxalq ticarət kontekstindən iqtisadiyyatla bağlı fikirlərinin əhəmiyyətinə toxunan INCU Katibliyinin rəhbəri bunun vacib olduğunu vurğulayıb. Konfransın aktuallığının da artdığını söyləyən Mixail Kaşubski burada elmi fikirlərin və qabaqcıl təcrübənin paylaşılmasının hər bir tədbir iştirakçısının, xüsusilə də gənc nəslin gələcək fəaliyyətinə mühüm fayda verəcəyini deyib.
Öz növbəsində, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki, professor Aydın Əliyev tədbirin məhsuldar keçdiyini və qarşıya qoyulan məqsədlərin reallaşdırılmasında konfransın önəmli rol oynayacağına ümidvar olduğunu bildirib.
Konfransda iştirak edən ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinə təşəkkürünü çatdıran Komitə sədri iclasda müzakirə olunan mövzuların, xüsusilə Nobel mükafatçılarının fikirlərinin hər kəs üçün önəmini vurğulayıb.
Bu tədbirin ideya irəli sürmək və ideyaları bölüşmək üçün geniş imkanlar yaratdığını diqqətə çatdıran Aydın Əliyev II Beynəlxalq Tələbə Konfransını gələcəkdə gömrük əməkdaşlığının daha da gücləndirilməsində və potensialın artırılmasında irəliyə doğru atılan növbəti mühüm addımlardan biri kimi qiymətləndirib.