Xüsusilə, 2 yaşlı Zəhranın qətl edilməsi Ermənistan rejiminin, onun başçısı Serj Sərkisyanın iç üzünü bir daha ortaya qoydu. Ümumiyyətlə, Ermənistan ordusu daim Azərbaycanın mülki sakinlərini və yaşayış məntəqələrini hədəfə alır. Halbuki, dünyanın digər bölgələrində bu cür qeyri-insani aktlar beynəlxalq ictimaiyyətin ciddi qınağı və təzyiqi ilə üzləşir. Terroru dəstəkləyən və bilavasitə onu dövlət siyasətinin prioritet istiqamətinə çevirmiş Ermənistana münasibətdə isə beynəlxalq təşkilatlar susqunluq nümayiş etdirir və yaxud bir neçə kəsərsiz açıqlama ilə işlərini bitmiş hesab edirlər. Bu hadisə Ermənistana ciddi sanksiyaların tətbiq edilməsi, təzyiqlər göstərilməsi üçün kifayət qədər ciddi əsas rolunu oynaya bilər.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli Teleqraf.com-a açıqlamasında bildirib ki, Ermənistanın dünənki təxribatında bir neçə amil əsas rol oynayır. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin bu günədək həllini tapmamasında, tənzimlənməməsində beynəlxalq təşkilatlar, o cümlədən prosesdə vasitəçi olan ATƏT-in Minsk qrupunun həmsədrləri də məsuliyyət daşıyırlar: “Günahkar bilavasitə onlardır. Bu gün Azərbaycanın dinc əhalisi – uşaqlar, qadınlar və qocalar qətlə yetirilirsə, bu, təkcə erməninin gülləsi deyil. Həmin tətiyi sıxanların içərisində ATƏT-in Minsk qrupunun həmsədrləri də var. Bu məsuliyyəti, bu cinayəti öz hərəkətsizlikləri ilə eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədrləri və münaqişənin həllində bilavasitə məsuliyyət daşıyan beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurasının daimi üzvləri də bölüşürlər”.
E.Mirzəbəylinin sözlərinə görə, bu münasibətin səbəbləri artıq uzun illərdir ki, Azərbaycana bəllidir: “Burda ilk növbədə geosiyasi maraqlar dayanır. Həmsədrlərin hər üçü BMT Təhlükəsizlik Şurasının üzvləridir, hər üçünün veto hüququ var. Onlar Azərbaycan torpaqlarının qeyd-şərtsiz işğaldan azad edilməsi ilə bağlı qəbul edilən qətnamələrə səs veriblər. Lakin bu qətnamələrin icrası istiqamətində hər hansı addım atmırlar. Təbii ki, bu gün təkcə Azərbaycanın işğal olunmuş ərazilərində deyil, dünyanın bir çox ölkələrində, o cümlədən Yaxın Şərqdə uşaqların qətlə yetirilməsinin günahkarı həm də bu münaqişə ocaqları ilə bağlı qəbul edilən qətnamələrin icrasına tələsməyən, terrorçuluğu stimullaşdıran, korporativ və geosiyasi maraqları önə çəkən beynəlxalq güclərdir. İndiki şəraitdə də Ermənistanın mütəmadi təxribatlar törətməsinə, danışıqlar prosesinin pozulması istiqamətində atdığı addımlara susqunluq nümayiş etdirən, işğalçı və işğala məruz qalan dövlət arasında bərabərlik işarəsi qoyan, dolayısıyla işğalçını dəstəkləyən ATƏT-in Minsk qrupu həmsədrlərinin əsas məqsədi münaqişənin həlli deyil, münaqişənin dondurularaq saxlanılmasıdır. Bununla da öz maraqlarını Cənubi Qafqaz regionunda qorumağa çalışırlar. Bu məsuliyyəti də daha öncə qeyd etdiyim kimi hər kəs bölüşür”.
E.Mirzəbəyli dünənki hücumun dinc əhaliyə yönəlik ilk hadisə olmadığını vurğulayıb: “Azərbaycanlılar ermənilər tərəfindən daim oxşar qətliamlara məruz qalıblar. 1905 və 1918-ci ildə, həmçinin, ötən əsrin sonlarından etibarən baş verən bütün cinayətlərdə oxşar izlər görünür. Ermənistan azərbaycanlı uşaqları hədəfə alıb. Məqsəd də bundan ibarət olub ki, azərbaycanlıları bir xalq olaraq məhv etsinlər, etnik soyqırıma məruz qoysunlar, bu bölgədən silsinlər və Azərbaycan torpaqlarına sahiblənsinlər. Bu prosesdə Ermənistana həmişə böyük güclər dəstək verib. Həmin böyük güclər də bu gün ATƏT-in Minsk qrupunun həmsədrləridir. Təbii ki, bu da paradoksal haldır”.