6 İyul 2017 12:14
2 243
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan tərəfi cəbhədə baş verən son hadisədən sonra Minsk Qrupu ilə ciddi danışmalı, öz şərtlərini irəli sürməlidir. Fikrimcə, Azərbaycan Minsk Qrupu ilə münasibətləri bir müddət dayandırmalı, cəbhə bölgəsində mülki əhalinin təhlükəsizliyi təmin edilməsə, danışıqları bərpa etmək niyyətində olmayacağını açıqlamalıdır.

Bu fikirləri Teleqraf.com-a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov erməni işğalçı ordusunun 2 yaşlı Zəhra Quliyevanı vəhşicəsinə qətlə yetirilməsinə münasibət bildirərkən deyib.

Onun fikrincə, Azərbaycanın şərti qəti olmalıdır: “Deməliyik ki, cəbhə xəttinin bir tərəfində mülkü əhali, digər tərəfdə isə etnik təmizləmə aparan, mülkü əhalini hər an öldürməyə hazır olan və bunu əməlində ortaya qoyan işğalçı ordu dayanır. Şərtlərdən biri də erməni işğalçı ordusunun cəbhə xəttində indiki mövqeyindən 5-10 kilometr geriyə çəkilməsi ilə bağlı olmalıdır. Yalnız bunlar həyata keçirildikdən sonra biz görəcəyik ki, Ermənistan tərəfi danışıqlara hazırdır. Hesab edirəm ki, bu şərtləri irəli sürməliyik”.

T.Zülfüqarov qeyd edib ki, bu şərtlər hökmən irəli sürülməlidir: “Onsuz da siyasi danışıqlardan indiki mərhələdə nəticə gözləməyə ehtiyac yoxdur. Amma bizim üçün kədərli olan hadisəni qabardaraq şərtlərimizi irəli sürmək olar.

İkincisi, nəzərə alın ki, belə şərtin irəli sürülməsi erməni tərəfinin mənfi imicini gücləndirəcək, vəziyyətə reaksiyaları çoxaldacaq. Zənnimcə, biz bir müddət bundan istifadə edə bilərik. Söhbət bu hadisədən həm həmsədrlərə təzyiq, həm də Ermənistana qarşı təbliğat kimi istifadə edilməsindən gedir”.

Hadisəyə beynəlxalq reaksiyalara gəlincə, sabiq nazir deyib ki, indikəndən artıq reaksiya gözləməyi doğru hesab etmir: “Müəyyən reaksiyalar var, 2 yaşlı Zəhranın öldürülməsi tənqid edilir. Amma bundan artığını gözləməyək. Bəzən deyirlər ki, ermənilərə niyə sanksiya tətbiq edilmir. Amma danışıqlara gediriksə, deməli sanksiya tətbiq edilməyəcək. Danışıqlara getmək o deməkdir ki, münaqişəni siyasi yolla həll etmək istəyirik. Dünya praktikasında elə hal yoxdur ki, danışıqlara gedən tərəflərdən birinə sanksiya tətbiq edilsin. Mən onun tərəfində deyiləm ki, xaricdən nəsə gözləyək. Biz dərdimiz və sevincimizlə bağlı kənardan nə deyiləcəyinə baxmamalıyıq. Bu ölçü vahidi deyil”.


Müəllif: Cavad

Oxşar xəbərlər