İyulun 4-də cəbhənin Füzuli rayonu istiqamətində baş tutan növbəti erməni təxribatı – Alxanlı kəndinin minaatanlardan atəşə tutulması nəticəsində mülki Azərbaycan vətəndaşlarının qətlə yetirilməsi beynəlxalq aləmdə çox ciddi rezonans doğurub. Dünyanın aparıcı KİV-ləri, o cümlədən “Assosiated Press”, “BBC”, “Euronews”, “New York Times”, “Washington Post”, “Le Monde” və digər bu kimi aparıcı media orqanları hadisəni obyektiv işıqlandırıb, işğalçı Ermənistanın dinc əhaliyə qarşı yönəlmiş qanlı cinayətini pisləyən materiallar yayıblar.
İyulun 4-də cəbhənin Füzuli rayonu istiqamətində baş tutan növbəti erməni təxribatı – Alxanlı kəndinin minaatanlardan atəşə tutulması nəticəsində mülki Azərbaycan vətəndaşlarının qətlə yetirilməsi beynəlxalq aləmdə çox ciddi rezonans doğurub. Dünyanın aparıcı KİV-ləri, o cümlədən “Assosiated Press”, “BBC”, “Euronews”, “New York Times”, “Washington Post”, “Le Monde” və digər bu kimi aparıcı media orqanları hadisəni obyektiv işıqlandırıb, işğalçı Ermənistanın dinc əhaliyə qarşı yönəlmiş qanlı cinayətini pisləyən materiallar yayıblar.
Həmçinin, aparıcı beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, Avropa İttifaqı, Avropa Parlamenti, Avronest, o cümlədən ABŞ Dövlət Departamenti bəyanatlarla çıxış edərək əsas günahkarın məhz Ermənistan olduğunu qeyd ediblər. ATƏT-in Minsk qrupunun yaydığı ikinci bəyanat xüsusilə diqqəti cəlb edir. Belə ki, ikinci bəyanatda iyulun 4-də Alxanlıda baş verən hadisələr təxribat kimi qiymətləndirilib.
Beynəlxalq ictimaiyyətin Ermənistanın iyulun 4-də törətdiyi təxribata reaksiyası göstərir ki, Ermənistan təxribatçı, beynəlxalq qanunvericiliyin tələblərini kobud şəkildə pozan və ona riayət etməyən, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini pozan dövlətdir.
Eyni zamanda əminliklə söyləmək olar ki, beynəlxalq ictimaiyyətin reaksiyası, xüsusilə ATƏT-in Minsk qrupunun ikinci dəfə bəyanat yayaraq baş vermiş hadisəyə dair obyektiv mövqe ifadə etməsi həm də Azərbaycan dövlətinin artan beynəlxalq nüfuzunun, gücünün, haqlı mövqeyinin, öz mənafelərini lazımi şəkildə müdafiə etmək imkanlarının və bacarığının etiraf olunması deməkdir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Teleqraf.com-a bildirib ki, beynəlxalq birliyin erməni təxribatına reaksiyası ilk növbədə Azərbaycanın çox aktiv xarici siyasətinin nəticəsidir. Onun sözlərinə görə, Azərbaycan dünya birliyində sadəcə olaraq sıradan bir dövlət kimi fəaliyyət göstərmir: “Azərbaycan öz həqiqətlərini dünyaya yayır, özünün mədəniyyətini, tarixini göstərir, sivil, mədəni bir ölkə olduğunu dünyaya tanıdır. Burada həm Azərbaycanın dövlətçiliyinin, iqtisadiyyatının güclənməsində oynadığı rol, eyni zamanda ölkədə keçirilən çoxsaylı beynəlxalq tədbirlərin də əhəmiyyəti var. Artıq xeyli müddətdir ki, beynəlxalq ictimaiyyətin əsas hissəsi Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini qəti surətdə müdafiə edir. Beynəlxalq ictimaiyyətin digər hissəsi isə Ermənistanın işğalçılıq siyasətini açıq şəkildə müdafiə etmir. Sadəcə olaraq kənarda, bitərəf mövqedə qalmağa çalışır. Zəhra Quliyevanın öldürülməsi, Ermənistan hərbi-siyasi rəhbərliyinin dinc Azərbaycan ailəsinə qarşı törətdiyi vəhşi hərəkət dünya tərəfindən bir şok kimi qəbul edildi. Bu gün Zəhranın ölümü Suriyada, Yəməndə körpə uşaqların öldürülməsindən heç nə ilə fərqlənmir. Aparıcı kütləvi informasiya vasitələrində, onların veb səhifələrində bununla bağlı məlumatlar öz əksini tapdı”.
Komitə sədrinin müavini qeyd edib ki, bəlkə də Ermənistan törətdiyi əməldən peşmandır. Çünki o, gözlədiyi nəticəni əldə edə bilmədi: “Ermənistan Azərbaycanı cavab verməyə və işğal altında olan ərazilərdə yerləşdirilmiş erməni ailələrinə eyni hücumun təşkil edilməsinə və bundan özünün təbliğat vasitəsi kimi istifadə etməyə çalışırdı. Əvəzində isə rəsmi İrəvan dünyanın Azərbaycanı müdafiə etdiyini gördü, xarici ölkələrdəki Ermənistan səfirlikləri qarşısında azərbaycanlıların mitinqlərinə şahidlik etdi, istəmədiyi halda Füzuli rayonunun Alxanlı kəndində hər hansı hərbi obyektin olmaması barədə məlumatın yayılmasına nail oldu. Dünən xarici ölkələrin nüfuzlu kütləvi informasiya vasitələrinin və 15 ölkənin hərbi attaşesinin Alxanlı kəndinə səfəri bir daha göstərdi ki, Azərbaycan həqiqətən də artıq dünyada qəbul olunan bir dövlətdir”.
A.Mirzəzadə onu da bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin mövcud olduğu 30 ilə yaxın müddət ərzində ATƏT ilk dəfə olaraq əvvəl verdiyi bəyanata əks məzmunda bəyanat verməyə məcbur oldu: “Bildiyiniz kimi mülki insanların öldürülməsindən sonrakı gün ATƏT-in Minsk qrupu tərəfləri təmkinli olmağa çağıran bir bəyanat vermişdi. Ancaq dünən ATƏT bəyanatını dəyişərək uşaq ölümünün yolverilməz olduğunu bildirdi. Bunun özü dolayısıyla Ermənistanın işğalçı və beynəlxalq hüquq normalarına, humanizm prinsiplərinə zidd siyasət yürütdüyünü göstərdi. Ümumən götürdükdə, Alxanlı kəndində baş verən hadisənin dünyada əks-sədası Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzundan xəbər verir”.