7 İyul 2017 15:35
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan işğalçı ordusunun iyunun 4-də cəbhə xəttində atəşkəsi pozması, mülkü əhalinin yaşadığı Füzulinin Alxanlı kəndini artilleriya və iri çaplı silahlardan atəşə tutması, bunun nəticəsində biri 2 yaşlı olmaqla iki mülkü vətəndaşın öldürülməsi beynəlxalq aləmin ciddi reaksiyaları ilə müşahidə edilir. Dünyanın bir sıra ölkələri, beynəlxalq təşkilatlar Ermənistanın bu qanlı cinayətini ittiham edir. Həmçinin beynəlxalq birlik Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın haqlı mövqeyini müdafiə edir.

Artıq ATƏT, Avropa Parlamenti, Avropa Birliyi, ABŞ Dövlət Departamenti, Türkiyə və digər onlarla təşkilat, siyasət adamı Ermənistanın bu vandalizm hərəkətini pisləyib.

Erməni vəhşiliyinə dünya mediası da biganə qalmayıb. Assosiated Press, BBC, Euronews, New York Times, Washington Post, Le Monde və digər bu kimi dünyanın aparıcı media orqanları hadisəni obyektiv işıqlandıraraq Azərbaycanın haqlı mövqeyini dəstəkləyib, işğalçı Ermənistanın dinc əhaliyə qarşı yönəlmiş qanlı cinayətini pisləyən materiallar yayıb.

Erməni təxribatının beynəlxalq miqyasda pislənilməsini Teleqraf.com-a şərh edən ADP sədri Sərdar Cəlaloğlunun fikrincə, beynəlxalq ictimaiyyətin və dünyanın aparıcı media qurumlarının erməni vəhşiliyinə göstərdiyi reaksiya əhəmiyyətlidir. Onun sözlərinə görə, bu faktiki olaraq vəziyyətə aydınlıq gətirir: “Eyni zamanda qeyd edim ki, dünyanın fərqli ölkələrinin qanunverici orqanlarının üzvləri, siyasətçilər də bu vəhşiliyi kəskin şəkildə pisləyib. Hesab edirəm ki, o adamlar buna reaksiya verib ki, özlərinin həqiqətən də humanist olduğunu, körpə uşaqların ölümünə razı olmadığını mövqeləri ilə isbat edib. Bir növ özlərinin kimliyini ortaya qoyublar. Şübhəsiz ki, bu əhəmiyyətli haldır”.

Sərdar Cəlaloğlu bu reaksiyaları mühüm hesab etsə də, düşünür ki, bunun davamı gəlməlidir: “Bir körpənin erməni tərəfindən güllələnməsi vəhşilikdir. Erməni tərəfinin qınanması yaxşı haldır. Amma bu reaksiyalar sabah da olmalıdır. Bütün bunları yaxşı hal sayıram və hesab edirəm ki, bu prosesin davamı olaraq Dağlıq Qarabağ münaqişəsinin həllinə dair fəallıq nümayiş etdirməlidir. Çünki münaqişə həll edilməyənə qədər belə hallar baş verə bilər. Təcili qaydada problemin həllinə çalışılmalı, Azərbaycanın haqlı mövqeyi dəstəklənməli, Ermənistanla beynəlxalq hüququn işğal haqqında qətnaməsinin dili ilə danışılmalıdır. Biz bu reaksiyaları dəstəkləyirik, hesab edirik ki, Azərbaycanın haqlı mövqeyinin müdafiə edilməsi və Ermənistan qarşısında tələblər qoyulması vacibdir. Azərbaycanın 20 faiz torpağı işğal edilib, bir milyondan çox qaçqınımız var. Beynəlxalq ictimaiyyət bu məsələlərdə aktiv olmalıdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər