Teleqraf.com xəbər verir ki, müğənni Hülya Avşar instaqram hesabında Alxanlıdakı erməni təxribatı barədə Mübariz Mənsimovun yazdığı məlumatı paylaşaraq, bunu terror adlandırıb:
“Heç kim bu hadisəyə sadəcə Azərbaycan xalqının problemi kimi baxmamalıdır. İrqindən, dinindən və milliyətindən asılı olmayaraq, bu hadisəni törədənlər cəzasız qalmamalıdırlar.
2 yaşında bir uşaq qətlə yetirilib. Vəhşicəsinə! Bu, insanlığa sığmayan hərəkətdir. Bunu bütün dünya görməli, bilməli və səssiz qalmamalıdır. Biz hamımız birlikdə bu hadisəni qınamalı və insan haqqları qurumlarından hara baxdıqlarını və niyə bu hadisələrin cəzasız qaldığını soruşmalıyıq. Bu cür faciələrin qarşısını almaq lazımdır. Sivil xalqın hədəf alınması kəsinliklə qəbul edilə bilməz!”
Müğənni, aktyor və rejissor Mahsun Kırmızıgül də Zəhranın qətli ilə bağlı sosial şəbəkədə fikirlərini bölüşüb: “Körpə Zəhra nənəsi ilə birlikdə Azərbaycanda qətlə yetirildi. Bu regionda uşaqlar hələ də ölməyə davam edir. Adları, dinləri, ölkələri fərqli olsa da, ölən uşağın kimliyinin heç bir əhəmiyyəti yoxdur. Dinc əhaliyə qarşı törədilən bu kimi alçaq hücumlar kimdən gəlirsə gəlsin, min dəfə lənət olsun”.
Xatırladaq ki, 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyeva iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alıxanlı kəndinə atdığı mərmi nəticəsində həyatını itirib.