– Fikrət müəllim, ermənilərin Alxanlıda dinc sakinləri qətlə yetirməsi dünyada böyük əks-səda doğurdu. Böyük dövlətlərin rəsmiləri, nüfuzlu beynəlxalq təşkilatlar, dünya mediası bu hadisəyə təpki verdi. Sizcə bütün bunlardan sonra Ermənistana təzyiqlər gözləmək mümkündürmü?
– Bu hadisələrdən sonra yaranmış vəziyyəti təhlil edərkən çox maraqlı məqamlarla üzləşdik. Aparıcı ölkələrdə yaşayan bir sıra sağlam düşüncəli, görkəmli ictimai-siyasi xadimlər bu hadisəyə reaksiya veriblər. Məsələn, İsraili götürək. İsrail birmənalı şəkildə bunu pisləyib. Mən Türkiyəni demirəm. Türkiyə, Pakistan bizə müttəfiq dövlətlərdir. Almaniyalı, britaniyalı, ispaniyalı, fransalı, italiyalı deputatlar Ermənistana qarşı mənfi ifadələrlə çıxış etdilər. Rusiyada yaşayan bir sıra politoloqlar, ictimai-siyasi xadimlər – Markov, Savelyev, Karavayev və digərləri bu hadisəni pislədilər. Biz görürük ki, artıq Azərbaycanın maraqlarına cavab verən fikirlər səslənir. Düşünürəm ki, bütün bunlar həqiqəti dünya ictimaiyyətinə, digər ölkələrə çatdırma yolunda mühüm bir amildir.
– İndiyə qədər beynəlxalq birlik Ermənistanın törətdiyi təxribatları cavabsız buraxırdı. Lakin indi onun təxribatları beynəlxalq səviyyədə qınanır. Sizə elə gəlmirmi ki, təcavüzkarı azğınlaşdıran da məhz onun təxribatlarının cavabsız qalması idi....
– Bilirsiniz necədir? Beynəlxalq ictimaiyyətin nümayəndələri gəlib bizim əvəzimizə Ermənistanla müharibə etməyəcəklər. Beynəlxalq ictimaiyyət özü də bir qədər mücərrəd anlayışdır. Burda müxtəlif fikirlər, müxtəlif mövqeli insanlar var. Bizim özümüzdən çox şey asılıdır. Əgər bizə qarşı belə qeyri-obyektiv, vəhşicəsinə aksiyalar törədilirsə, biz özümüz bunun cavabını verməliyik. Biz heç kimi – nə beynəlxalq ictimaiyyəti, nə də digər hansısa dövlətlərin reaksiyasını gözləməməliyik. İlk növbədə özümüz hərbi cəhətdən təcavüzkara cavab verməliyik. Bizim kifayət qədər yaxşı hazırlanmış ordumuz, texnikamız var. Biz onu işə salmalıyıq, biz təxribatçının cavabını verməliyik. Bu, artıq praktikaya çevrilməlidir. Fikir verin, Fələstinin HƏMAS-ın nəzarəti altında olan ərazisindən bir raket gəlib İsrailin ərazisinə düşürsə, İsrail dərhal ora təyyarələr göndərir və bombalayır. Hətta, dinc əhali də həlak olur. Yəni, biz bu məsələdə dünya praktikasını götürməli, dünya praktikasından faydalanmalıyıq. Biz özümüz həm silah istehsalı məsələsində, həm də hüquqi-diplomatik sahədə addımlarımızı atmalıyıq. Həm də təbliğat maşınımızı gücləndirməliyik. Çünki əgər müharibə gedirsə, deməli bu müharibə bütün istiqamətlərdə getməlidir. Bütün sahələri əhatə etməlidir. Bu, reallıqdır.
– Sizcə, son vaxtlar bu cür təxribatların sayının artması nə ilə bağlıdır? Bununla ermənilər nəyə nail olmaq istəyirlər?
– Ermənistan rəhbərliyini ruhlandıran əsas amil cəzasızlıqdır. Onlar görürlər ki, ATƏT-in Minsk qrupunun həmsədrləri, digər aparıcı dövlətlər seyrçi mövqe nümayiş etdirir, laqeyd, etinasız münasibət göstərir. Yəni, demək olar ki, onlara təsir göstərmir. Bütün bunlar onun nəticəsidir. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən onlar görürlər ki, Azərbaycan güclənir. Bu da onları narahat edir. Onlar görürlər ki, Azərbaycan müasir texnika alır. Ermənistan tərəfi bizi qabaqlamağa çalışır və gücləri ancaq dinc əhaliyə, qadınlara, uşaqlara və qocalara çatır. Başa düşürlər ki, müasir texnika qarşısında heç nə edə bilməzlər. Təbii ki, onların da müəyyən silahları, ordusu var, arxalarında müəyyən qüvvələr dayanır. Biz bunu başa düşürük. Amma onlar eyni zamanda dərk edirlər ki, Azərbaycan öz ərazilərini işğaldan azad edəcək və bu məsələdə bizim iradəmiz daha güclüdür. Hər halda erməni əsgər başqa dövlətin ərazisində olduğunu çox yaxşı başa düşür. Bu, kifayət qədər təsiredici bir amildir. Sonra bunlar hər halda danışıqlardan yayınmaq niyyətindədirlər. Digər tərəfdən, danışıqlar prosesi erməni tərəfi qane etmir. Başa düşürlər ki, danışıqlar prosesində həmsədr dövlətlər onlara birbaşa təzyiq etməsələr də, bu məsələlər qabarıq şəkildə gündəmə gəlir. Qətnamələr yadlarına salınır, işğal olunmuş torpaqlar, digər faktlar masa arxasında müzakirə olunur. Bu da onları qane etmir. Odur ki, görünür, nizami ordu ilə vuruşmaqdansa dinc əhali ilə vuruşmaq, nəyinsə əvəzində onlardan qisas almaq bunları daha çox qane edir.
– Fikrət müəllim, cəbhədə məlum təxribatın baş verdiyi günün səhəri Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayaraq erməni mənşəli Rusiya vətəndaşlarının Azərbaycan ərazisinə girişinə icazə verməyə çağırdı. Dünən Rusiya Xarici İşlər Nazirliyi bununla bağlı daha geniş məzmunlu bəyanat yaydı. Sizcə bu bəyanatın məlum təxribatdan baş verdiyi günlərdə verilməsi təsadüfdürmü?
– Bunun elə də böyük mənası yoxdur. Hər halda Rusiya birmənalı şəkildə Ermənistanın arxasındadır. Rusiya Ermənistanı bir alətə çevirib. Moskva Ermənistandan istifadə edir, o, dayaq nöqtəsinə çevrilib. Rusiyanın Ermənistanda hərbi bazası var. Ruslar ermənilərin burunlarının qanamasına imkan vermirlər. Biz bunu birmənalı şəkildə dərk edirik və başa düşürük. Bu məsələnin bir tərəfdir.
Digər tərəfdən Rusiya tərəfi çox əsassız və məntiqsiz bir bəyanat verib. Görünür, burda başqa bir amil də var. Rusiya xarici işlər nazirinin etnik mənşəli erməni kökləri görünür, bu məsələyə öz təsirini göstərir. Necə yəni, biz Azərbaycana gələn erməni mənşəli Rusiya vətəndaşlarını qəbul etməliyik? Hələ qucaqlayıb onlara “xoş gəlmisiniz” deməliyik? Aydın məsələdir ki, Azərbaycan tamamilə düzgün hərəkət edir. Müharibə vəziyyətində olan ölkələrin vətəndaşları bir-birinin ərazisinə getməməlidir. Konkret olaraq Azərbaycan ərazisinə erməni mənşəli insan gəlməməlidir. Çünki biz bilirik və təcrübə də göstərir ki, onlar bura gələndə təxribatlarla məşğul olurlar. Bəziləri gizli şəkildə Azərbaycana qarşı fəaliyyət göstərirlər. Bu gün Azərbaycan Respublikası ərazisində 30 minə yaxın erməni mənşəli insan yaşayır. Bəziləri hətta, bizə meydan oxuyur. Amma bu heç də o demək deyil ki, biz xaricdən gələn erməniləri qucaqlayıb “xoş gəlmisiniz” deməliyik?!
Rusiya XİN-in bəyanatı ilə ermənilərin Alxanlıda törətdiyi təxribatın üst-üstə düşməsinə gəldikdə isə deməliyəm ki, bunlar eyni kökləri olan hadisələrdir. Təbii ki, Ermənistan arxasında böyük dövlətlərin, o cümlədən Rusiya Federasiyasının dayandığını, digər ölkələrin seyrçi mövqe nümayiş etdirdiyini hiss etməsəydi, heç vaxt bu təxribata yol verə bilməzdi.