- Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində biri azyaşlı olmaqla iki dinc sakinin ölümü ilə bağlı hadisəni necə qarşıladınız?
- Bu acı hadisədən öncə ötən il aprelində baş verən döyüşlərdə Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələrinə verdiyi layiqli cavabı xatırlamaq istərdim. “4 günlük müharibə” dönəmində Ermənistan ordusu Azərbaycan silahının və Silahlı Qüvvələrinin gücünü gördü. Ermənistan tərəfi əmin oldu ki, Azərbaycan hər zaman onların təxribatına layiqli cavab verməyə hazırdır.
Təəssüf ki, onlar hələ də təxribat xarakterli addımlarını davam etdirirlər, belə təxribatlar nəticəsində qadın və uşaqlar həlak olur. Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə çalışmaqla düzgün mövqe sərgiləyir.
Ermənistan tərəfi isə beynəlxalq hüququn prinsiplərini tapdayır, əfsus ki, heç nə Ermənistan ordusunu təxribatlardan çəkindirmir. Buna görə də Azərbaycan xalqı ordumuz tərəfindən Ermənistana layiqli cavab verilməsinə tərəfdardır.
Azərbaycan Ordusu güclüdür, 1 ay ərzində Qarabağ problemini həll etmək, Ermənistanın işğalı altında olan torpaqları azad etmək gücündədir.
- ATƏT-in Minsk qrupunun son bəyanatını necə qiymətləndirirsiniz? Minsk qrupunun fəaliyyəti Azərbaycan ictimaiyyətini razı salmır, vaxtaşırı ondan imtina etmək və ya formatını dəyişdirmək məsələləri gündəmə gəlir...
- ATƏT-in Minsk qrupu cəbhə xəttində gərginlikdən sonra hər dəfə bəyanatla çıxış edir və çox təəssüf ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həllini doğru yol kimi göstərir. Son hadisələr bir daha sübut etdi ki, biz dinc vasitələrlə Ermənistanı Azərbaycan torpaqlarından çıxmağa inandıra bilmərik. Düşünürəm ki, bizim dövlətimizin səbri sərhədsiz deyil, belə davam etsə, gec-tez torpaqları hərbi yolla azad edəcəyik.
Hesab edirəm ki, Rusiya başda olmaqla bütün beynəlxalq ictimaiyyət azyaşlının ölümü ilə nəticələnən bu təxribata layiqli cavab verməlidir. Təəssüf ki, indi ATƏT-in Minsk qrupunun formatını dəyişə bilmirik. Yaxşı olardı ki, Minsk qrupuna Türkiyə, Almaniya və digər ATƏT ölkələri də daxil olaydı. Əgər formatı dəyişə bilmiriksə, beynəlxalq ictimaiyyət və təşkilatlar qarşısında Ermənistanın BMT-də qəbul olunmuş 4 qətnaməyə riayət etməməsi məsələsini qaldırmalı və onu təcili surətdə bu qətnamələrin icrasına məcbur etməliyik.
- Azərbaycana gələn Rusiya vətəndaşı olan ermənilərin etnik mənşəyinə görə diskriminasiyaya məruz qaldığı barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatını necə şərh edərdiniz?
- Birincisi, mən bilmirəm ki, erməni soyadı ilə nə qədər rus Azərbaycana gəlir. Ola bilsin, onların sayı 1-2 nəfərdir, yəni kütləvi deyil. Rusiya Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat verməməli idi. Rusiya XİN Azərbaycanla Ermənistan münasibətlərindən yaxşı xəbərdardır. Söhbət ondan getmir ki, onlar Rusiya vətəndaşlarıdır, əsas məsələ onların erməni əsilli olmasıdır. Biz onların hansı məqsəd və niyyətlə Azərbaycana gəldiyini bilmirik.
Ola bilər, onlar Azərbaycanda hansısa tədbirdə və ya yığıncaqda iştirak üçün gəlirlər, yaxud azərbaycanlılar tərəfindən dəvət olunurlar. Mən düşünürəm ki, bu, Rusiyada yaşayan və bu ölkənin vətəndaşı olan erməni əsilli nümayəndələrin təxribatıdır. Onlar qəsdən səfər edirlər ki, Azərbaycan onların ölkəyə girişinə qadağa qoysun və nəticədə Rusiyada istədiyi bəyanatı səsləndirsinlər.
Azərbaycanda ruslara qarşı heç bir diskriminasiya yoxdur. İstərdim ki, Rusiyada yaşayan və bu ölkənin vətəndaşı olan azərbaycanlılar kütləvi şəkildə Ermənistana səfər etsinlər və onda İrəvan tərəfinin bu hala reaksiyasını görək. Bu halda onların azərbaycanlılara qarşı diskriminasiyasının açıq şəkildə şahidi olarıq.
Bilirsiniz, Bakıda 20 mindən çox erməni rahat və sakit şəkildə yaşayır və heç bir diskriminasiyaya məruz qalmır.
- Azərbaycanda yaşayan rusların son hadisələr fonunda Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi nədən ibarətdir?
- Azərbaycanda yaşayan ruslar və Rus İcması Azərbaycan xalqına və dövlətinə dəstəyini nümayiş etdirir. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ruslar qəhrəmancasına vuruşub. Onların çoxu ölümündən sonra orden və medallarla təltif edilib, Milli Qəhrəman adına layiq görülüblər.
Məsələn, 25 yaşında şəhid olan Yuri Kovalyovun adını çəkə bilərəm. Bu, onu sübut edir ki, Azərbaycanda yaşayan azsaylı xalqın nümayəndələri bu dövləti öz dövləti sayır, onun ərazi bütövlüyü uğrunda canından keçməyə belə hazırdır. Ruslar da, ukraynalılar da, yəhudilər də Azərbaycan vətəndaşıdır və biz bu xalqa xidmət edirik. Xalq öz işğal olunmuş torpaqlarını azad etməyə qadirdir.