Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnaistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, demək olar ki, bütün beynəlxalq və dövlətlərarası təşkilatlar hadisəyə münasibət bildirdi, ABŞ Dövlət Departamenti, BMT, Avropa Şurası və ATƏT Parlament Assambleyalarının bəyanatlarında Azərbaycanın haqlı mövqeyi öz əksini tapdı: “ATƏT-in Minsk qrupu hadisə ilə bağlı birinci bəyanatında üzdən keçməyə səy göstərmişdi, ancaq Azərbaycandakı ictimai təpki onları növbəti bəyanat verməyə və orada mövqelərini konkretləşdirməyə təsir göstərdi. Azərbaycan hökuməti və dövlət strukturları kifayət qədər operativ və sistemli iş apardı, dövlət rəsmiləri dərhal bəyanatlar səsləndirdi. Bunun ardınca Xarici İşlər Nazirliyinin yönəltməsi ilə bəyanat qəbul olundu, Azərbaycan səfirlikləri vasitəsilə hadisə barədə həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı, ölkəmizdə akkreditasiyadan keçən diplomatik korpus və KİV nümayəndələri hadisə yerinə aparıldı. Bu, uğurlu işlərə əlavə dəstək idi. İlk dəfə idi ki, Azərbaycan KİV-ləri, QHT-ləri və nə qədər heyrətedici olsa da, internet və sosial şəbəkə istifadəçiləri məsələyə birmənalı, Azərbaycan mövqeyindən çıxış edərək qiymət verdilər. Hədəfi düzgün göstərdilər ki, baş vermiş hadisə faciədir, cinayət əməlidir, eyni zamanda Ermənistan tərəfindən qanunların pozulması ilə baş verib”.
Müşfiq Ələsgərli qeyd edib ki, Alxanlıda baş verən hadisənin təsviri ilə yanaşı Ermənistanın dünyada ictimai rəydə konvensiyalara sayğısız yanaşması barədə fikir formalaşdırıldı: “ Azərbaycan cəmiyyətinin, KİV qurumlarının, dövlət strukturlarının, vətəndaş cəmiyyəti institutlarının vahid mövqedən çıxış etməsi dünya ictimaiyyətinin Alxanlı hadisəsinə düzgün qiymət verməsinə və baş verənləri pisləməsinə səbəb oldu”.