12 İyul 2017 00:45
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çili senatının üzvü, Çili-Azərbaycan Dostluq Qrupunun rəhbəri İvan Moreyran cəbhə xəttində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatda dinc azərbaycanlıların öldürülməsini pisləyib.

Trend-in məlumatına görə, senatorun Azərbaycan xalqına dəstəyin ifadə olunduğu və Ermənistanın təcavüzkar siyasətini qınayan məktub Azərbaycanın Çilidəki səfirliyinə göndərilib.

Mülki şəxslərin ölümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verən İ.Moreyran bildirib: "Bildirmək istəyirəm ki, tərəddüdsüz hökm sürməli olan beynəlxalq sülhün və insan haqlarının əsl pozuntuları olan bu amansız terror hücumlarını tam və qəti şəkildə rədd edirəm".

Məktubda deyilir: "Çili-Azərbaycan Dostluq Qrupunun Prezidenti olaraq, sülhün qorunmasına olan dərin etiqadımı və hər şeydən öncə, mülki əhalinin zərər çəkməsinə, xalqları bir-birindən ayrı salan siyasi və ideoloji müxtəlifliyin cəzasını çəkməli olmayan günahsız uşaqların ölümünə səbəb olan şiddətə öz istəklərini həyata keçirmək üçün bir vasitə kimi əl atılmasını birmənalı olaraq rədd etdiyimi təkrar etməliyəm. Şiddətə qarşı səsini çıxarmaq və terrorizmə qarşı mübarizəyə hədsiz bağlılığını bəyan etmək bütün beynəlxalq ictimaiyyətin mənəvi borcudur”.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər