Baş Prokurorluğun rəsmi məlumatına görə, 2017-ci il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMV” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirən sürücü Sənan Səmədovun marşrut avtobusunu 8 dayanacaq təqib edib.
Bununla o, sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.
Faktla bağlı 2017-ci il 4 iyul tarixdə Binəqədi rayon Polis İdarəsi istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
Rüstəm Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işinin istintaqı gedir.
Rüstəm Orucov əvvəllər də idarə etdiyi avtomobillə bir vətəndaşı vuraraq qəza törədib. Bu əməlinə görə həbs edilib və cəzasının müəyyən hissəsini çəkdikdən sonar azadlığa çıxıb.
Vəkil Əsabəli Mustafayev Teleqraf.com-a generalın oğlunu gözləyən cəza ilə bağlı danışıb.
Hüquqşünas qeyd edib ki, Rüstəm Orucov Cinayət Məcəlləsinin 221.1.2 addəsi ilə ittiham edilir. Əgər generalın oğlu bu maddə ilə mühakimə ediləcəksə, ona 5 il müddətinə qədər həbs cəzası verilə bilər: “Lakin mümkündür ki, cinayət işinin istintaqının gedişatı zamanı maddə dəyişsin, əlavə ittiham elan olunsun. Bu maddə az ağır dərəcəli cinayət əməlidir və 5 ilə qədər həbs göstərir”.
Vəkil hesab edir ki, Rüstəm Orucov təkrar cinayət əməli törətdiyi üçün barəsində 221.1.2-ci maddəsi seçilib: “Adətən, bu maddə ya qrup halındadır, ya da təkrardır. Rüstəm Orucov bu əməlini qrup deyil, tək törədib. Ancaq bu əməli təkrar törətdiyi üçün barəsində bu maddə seçilib”.
Vəkil deyib ki, Rüstəm Orucov əvvəl də qəza törədib və cəzasının üçdə birini çəkdikdən sonar azadlığa çıxıb: “Yəqin bu da general atasının hesabına olub. Rüstəm Orucovda düşünüb ki, bir də nəsə etsə, cəza onun üçün nisbətə yüngül keçəcək”.
Əsabəli Mustafeyev düşünür ki, Rüstəm Orucova şərti cəza verilməyəcək: “Əvvəllər bu şəxs məhkum edilib. Sonra şərti cəza ilə azadlığa çıxıb. Mən bilmirəm, hazırda onun üzərində şərti cəza qüvvədədir, ya tamam olub. Buna görə deyirəm ki, istintaqın gedişində ayrı detallar, məsələn, məsuliyyət məsələsi də üzə çıxa bilər. Əgər onun şərti cəzası bitməyibsə, bunun üzərinə gələcək. Başqa sözlə, barəsində hökm çıxarılarkən əslində iki hökm birləşdiriləcək. Mümkündür ki, cəza sanksiyadan nəzərdə tutulduğdan artıq olsun. Qanun tələb edir ki, əgər şəxsin şərti cəzası yekunlaşmayıbsa, iki cəza birləşdirilsin”.