Bakıda, Milli Dram Teatrında 15 iyul 2016-cı ildə Türkiyədə hərbi çevrilişə cəhd hadisəsinin ildönümü ilə bağlı anım tədbiri keçirilir.
Teleqraf.com xəbər verir ki, mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, komitə sədrləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Bakıda yaşayan və fəaliyyət göstərən Türkiyə vətəndaşları iştirak edirlər.
Mərasim Türkiyə və Azərbaycanın dövlət himninin oxunması ilə başlayıb. Daha sonra Azərbaycanın və Türkiyənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə iştirak edən Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı müracəti oxuyub. Əli Həsənov daha sonra bildirib ki, Azərbaycan xalqı bu hadisənin nə olduğunu çox yaxşı bilir: “1994-cü ilin oktyabrında və 1995-ci ilin martında belə xain qüvvələr dövlətə qarşı əl qaldırdılar və qanuni hakimiyyətə qarşı çıxdlar. Ancaq həmin vaxt ümummilli lider Heydər Əliyevin çağırışı ilə küçələrə çıxdı və xalq həmin xain qüvvələrə öz gücünü göstərdi”.
Əli Həsənov bu hadisənin ortaya bir neçə məqamı çıxardığını vurğulayıb: “Bu həqiqətləri hamı, o cümlədən liderliyə iddia edən insanlar bilməlidir. Həmin həqiqətlərin biri ondan ibarətdir ki, heç bir qüvvə xalqın iradəsinə qalib gələ bilməz. İndiyədək heç kəs xalqın iradəsinə qalib gələ bilməyib. İkinci dərs ondan ibarət oldu ki, insanların həyatı ilə oynamaq cəhdi mütləq şəkildə iflasa uğramalıdır və uğradı. Bu gün həmin xain çevriliş cəhdinin təşkilatçıları öz cəzalarını alırlar və almalıdırlar. Hakimiyyətin ədaləti qanunçuluğu bərqərar etməyi və günahsızları cəzadan xilas etməyi nəzərə tutur”.
Əli Həsənov bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gördüyü tədbirlər öz bəhrəsini verir: “Milli barış, milli həmrəylik getdikcə möhkəmlənir. Azərbaycanda iyulun 15-i gecəsi məsul şəxslərin heç biri səhərədək yatmadı. Şəxsən mən Azərbaycan Prezidentinin köməkçisi kimi şahidəm ki, cənab Prezident səhərə kimi o gecənin ciddi sarsıntılarını yaşadı. İlk olaraq səhər açılar-açılmaz bu məsələyə öz münasibətini bildirdi, xain cəhdləri pislədi və qiymətini verdi. Ötən müddətdə Azərbaycan Türkiyədə ictimai-siyasi sabitliyin bərpa olunması istiqamətində qardaş ölkəyə tələb olunan bütün dəstəyi verdi. Çünki Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atütürk “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” və ümummilli lider Heydər Əliyev “Bir millət, iki dövlət” sloqanlarından çıxış ediblər. Qurulan bu birlik daimidir, əbədidir. Eyni zamanda bu birlik digər türk-müsəlman xalqları üçün bir nümunədir”.
Əli Həsənov hazırda Azərbaycan və Türkiyə prezidentləri arasındakı dostluğun iki xalq üçün nümunə olduğunu vurğulayıb: “Mən bir daha həmin hadisələr zamanı şəhid olanların yaxınlarına, əzizlərinə, bütün Türkiyə xalqına başsağlığı verirəm. Bir daha bu gün də Türkiyə dövlətinin dayağı olan həmin şəxslərə sayğımızı ifadə edirik”.
Daha sonra Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin Türkiə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciətini səfirə təqdim edib.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral tədbirə qatılanlara təşəkkürünü bildirib. O qeyd edib ki, bu hadisənin üzərində çox az vaxt keçib: “Acılarımız çox təzədir. Amma həm də hirsimiz təzədir. Biz ö gecə şəhid olanlara minnət borcluyuq”.
Erkan Özoral da Azərbaycanın 22-23 il öncə oxşar hadisələri yaşadığını vurğulayıb: “1994-95-ci illərdə xalq küşələrə çıxaraq çevrilişə cəhd edənləri məğlub etdi. Həmin vaxt Azərbaycanda Heydər Əliyev kimi görkəmli dövlət xadimi rəhbərlik etediyi üçün çevrilişçilər öz məqsədlərinə nail ola bilmədilər. Nə yaxşı ki, 15 iyul çevrilişinə cəhd zamanı bizim başımızda Rəcəb Tayyib Ərdoğan kimi bir prezident var idi. Türk xalqın da onun bir çağırış ilə küçələrə tökülərək çevrilişə cəhd edənləri məğlub etməyi bacardı”.
Daha sonra mərasimdə Milli Məclisin Türkiyə ilə əməkdaşlıq üzrə işçi qrupunun sədri Əhliman Əmiraslanov, Milli Məclisin deputatı Hikmət Babaoğlu və digər şəxslər çıxış ediblər.
Mərasimdən sonra iştirakçılar Milli Dram Teatrının foyesində Anadolu Agentliyinin fotoqraflarının çəkdikləri fotolardan təşkil olunmuş sərgi ilə tanış olublar.