Teleqraf.com xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə iyulun 15-də Bakıdakı Heydər məscidində ötən il Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdinin qarşısı alınarkən şəhid olmuş insanların xatirəsinə qılınan vəhdət namaz zamanı deyib.
Bu gün Azərbaycanın bütün məscidlərində türk dövlətçiliyi naminə canlarını fəda etmiş qəhrəman şəhidlərin xatirəsinin yad olunduğunu, ruhlarına dualar oxunduğunu bildirən şeyxülislam qeyd edib ki, azərbaycanlı dindarlar qardaş ölkə xalqı ilə həmrəylik nümayiş etdirirlər.
Türkiyədə bir il əvvəl baş vermiş hadisələrdən danışan Qafqaz Müsəlmanları İdarəsinin sədri deyib: “15 iyul gecəsi öz rəhbərinin çağırışı ilə səfərbər olan Türkiyə xalqı azan sədaları altında qırıcı təyyarə və tanklara üstün gəldi. Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə xalqı öz dövlətçiliyini müdafiə etməyi bacardı. İllərdir Türkiyə dövləti amansız terrorun hədəfindədir.
Onilliklərlə öz fitnə təbliğatını hiyləgərcəsinə qura bilmiş FETÖ şəbəkəsi Türkiyə xalqına və dövlətinə xaincəsinə zərbə vurmağa qalxdıqda türk milləti bu məkrli hadisənin qarşısını qətiyyətlə almaq qüdrətini nümayiş etdirdi”.
Şeyx qeyd edib ki, Azərbaycan xalqı terrorun nə olduğunu yaxşı bilir: "İstəyirlər ki, Türkiyə dövlətində qarşıdurma yaratsınlar. Bizdə də 20 Yanvar hadisələri olub. Amma o zaman bizə rus qoşunları hücum etmişdi. Türkiyədə isə qardaşı qardaşa qırdırdılar. Əgər FETÖ çevrilişi baş tutsaydı, bizim də müstəqilliyimiz təhlükə altına düşərdi. Ona görə də dövlət başçımız ilk gündən etibarən Türkiyənin yanında oldu.
İndi bəzi alimlər üzlərində saqqalla gənc adamları tapırlar, belinə kəmər taxırlar, göndərirlər terrora. Axı dinimiz belə buyurmur. Azərbaycan xalqı həmişə Türkiyənin yanında olub. Bizim Azərbaycan dövləti adından yardımlarımız oldu. Yeganə qardaş dövlətdir ki, həmişə yanımızda olub. Balaca Zəhranın amansız ölümündə də Türkiyə bizim yanımızda olub".