Teleqraf.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiyanın insan haqları üzrə müvəkkili Tatyana Moskalkova bildirib.
“Rusiya Xarici İşlər Nazirliyi və Baş Prokurorluq beynəlxalq konvensiyalara əsasən, Lapşinin cəzasının ölkə ərazisində çəkilməsi üçün onun ekstradisiyasını tələb edə bilər. Məndə olan məlumata görə, bu istiqamətdə iş aparılır”, - deyə rusiyalı ombudsman jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, bir qədər əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Bakıda məhkəmə tərəfindən 3 il həbs cəzasına məhkum edilən Rusiya və İsrail vətəndaşı., blogger Aleksandr Lapşinin mümkün ekstradisiyası Kremldə müzakirə mövzusu deyil.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində blogger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmə Lapşini Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə təqsirli bilərək, onu 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər Üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib. O, beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarusun hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycana ekstradisiya olunub.