Yeni məzillə təmin edilən həmkarlarımız təəssüratlarını saytımıza bölüşdülər.
"Teleqraf.com" saytının redaktoru Zahid Nurəliyevin sözlərinə görə, bu gün jurnalistlər üçün tikilən ikinci binadakı mənzillərin sahibləri bəlli oldu: "255 jurnalistə yeni mənzillər təqdim olundu. Amma bu, 255 jurnalistin deyil, minlərlə insanın sevincinə səbəb oldu. Bu addım dövlətin jurnalistikanın inkişafına, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılmasına, bütövlükdə jurnalistikanın situmullaşdırılmasına qayğısının növbəti təzahürüdür. Bu qayğı ildən-ilə artır. Belə ki, bu gün eyni zamanda jurnalistlər üçün üçüncü binanın təməli qoyuldu və bir neçə ildən sonra daha 255 həmkarımız mənzillə təmin olunacaq. Prezident İlham Əliyev mənzillərin paylanılması mərasimində çıxış edərkən, jurnalist şəhərciyinin daha da genişləndiriləcəyini, bu ərazidə yeni, alternativ yolun salınacağını da bildirdi. Bütün bunlar çox təqdirəlayiqdir və bir daha ölkə başçısının jurnalistlərin problemlərinə həssas yanaşdığını təsdiq edir".
Z.Nurəliyev qeyd etdi ki, mənzil alanlar arasında "Teleqraf Holdinq"in mən də daxil olmaqla 3 əməkdaşının olması dövətin redaksiyanın fəaliyyətinə verdiyi dəyərin göstəricisidir: "Mən də bu sevinci yaşadım. Amma təkcə ona görə yox ki, siyahıda mənim də adım vardı. Həm də ona görə ki, mənzil alanların böyük əksəriyyəti Azərbaycanda jurnalistikanın inkişafında böyük xidmətləri olan, ömrünün 20-30 ilini jurnalistikaya həsr edən həmkarlarım idi. Eyni zamanda daha stajlı, veteran jurnalistlərə də bu sevincdən pay düşdü. Bu, əlbəttə ki, çox sevindirici haldır. Bu addım Milli Mətbuat günü ərəfəsində ölkə başçısının jurnalistlərə böyük hədiyyəsidir. Belə bir xeyirxah addıma görə Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm".
"Publika.az" saytının müxbiri Ömər Əmirov da mənzil sahibi olan jurnalistlərdəndir. O, ölkə başçısının mükafatını təkcə öz fəaliyyətinə deyil, Azərbaycan jurnalistikasına dəstəyi kimi qiymətləndirir: "Dövlətin öz vətəndaşına, jurnalistinə mənzil verməsindən təbii, məntiqli nə ola bilər? Bu gün sevinən təkcə 255 jurnalist deyil, onların ailələridir. Çox yaxşı haldır ki, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlət siyasəti davamlıdır. Bu gün eyni zamanda daha bir binanın, 255 mənzillik tikilinin təməli qoyuldu. Çox istərdim ki, ölkədə bir nəfər də mənzilsiz, kirayədə qalan jurnalist olmasın. Mən “Gündəlik Teleqraf” MMC-nin rəhbərliyinə təşəkkür edirəm ki, ədalətli seçim etdi, düzgün siyahı hazırlayaraq dövlətə təqdim etdi. Eyni zamanda, mənim və təmsil etdiyim redaksiyanın fəaliyyətinə böyük qiymət verən ölkə rəhbərliyinə, cənab Prezident İlham Əliyevə özümün və ailəmin adından dərin minnətdarlığımı bildirirəm".
"Publika.az" saytının müxbiri Asif Nərimanlı qeyd etdi ki, o, həyatının ən xöşbəxt anlarını yaşayır: "Prezident İlham Əliyev yenidən dostlarını, biz jurnalistləri sevindirdi. Uzun illərdir ki, bir çox jurnalistlər kimi, mən də mənzilə sahib olmaq arzusu ilə yaşayırdım. Nəhayət, arzum reallaşdı. “Gündəlik Teleqraf” MMC-nin kollektivinin bir nümayəndəsi kimi göstərdiyi etimada görə cənab Prezidentə minnətdarlığımızı bildirir, bizə böyük sevinc bəxş etdiyi üçün təşəkkür edirik. Bu gün Azərbaycan Milli Mətbuatı Prezident İlham Əliyevin dəstəyi və qayğısı ilə qızıl dövrünü yaşayır. Müasir və müstəqil Azərbaycanda əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş söz və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Dövlət başçısının “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncamına əsasən jurnalistlər üçün ikinci yaşayış binasının tikilməsi dövlətimizin yüksək diqqət və qayğısının əyani təsdiqidir. Bu gün bu qayğının daha bir nümunəsi olaraq 255 jurnalist ədalətli bölgü əsasında mənzillə təmin olunur. Bu münasibətlə “Gündəlik Teleqraf” MMC olaraq Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildirir, Azərbaycan dövlətinin suverenliyinin qorunması, inkişafı və güclü olması istiqamətində dövlət başçısının apardığı siyasəti daim dəstəkləyəcəyimizi bəyan edirik".