21 İyul 2014 18:09

Bu yay Ağsuda 13 yaşlı oğlan ilan sancması üzündən dünyasını dəyişib. Oğlana vaxtında zəhərə qarşı zərdab vurulmadığı üçün o ölüb.

Rayon xəstəxanasını ələk-vələk ediblər, amma zərdab tapılmayıb. Oğlanı Bakıya gətirərkən yolda keçinib. Beləliklə, bir ailənin 13 yaşlı ümidi ölüb.

Alınan məlumata görə, ümumilikdə isə bu yay ölkədə 54 nəfəri ilan sancıb. Bu, keçən ilki göstərici ilə də müqayisədə 20 faiz çoxdur. Bir çox hallarda ilan vuranlar ölüb. Yalnız Bakı istisnadır.

Əslində, Bakının özündə də ilanvuranların sayı çoxdur. Bu yay ilan vuranların 23-ü Bakının payına düşüb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, ilan sancanlardan 12 nəfəri qadın, 11 nəfəri kişi, 2-i uşaqlardır. İlan sancanlardan 7 nəfər xəstəxanaya yerləşdirilib. Qalanlarına isə amblator yardım göstərilib. Və stansiyasının böyük həkimi Zemfira Vahidova deyir ki, Bakıda ilan zəhərinə qarşı zərdab çatışmazlığı yoxdur: “Düzdür zərdab apteklərdə satılmasa da, təcili yardımın bütün stansiyalarında var. Bununla bağlı heç bir problemimiz yoxdur. Şükürlər olsun ki, Bakıda ilan sancmasından ölən olmayıb”.

Bakıdan fərqli olaraq rayonlarda isə ilan zəhərinə qarşı zərdab çatışmazlığı problem var. Qeyd edək ki, ən çox ilan vurma halı Şəki, Zaqatala, Cəlilabad, Lənkəran, Qax, Ağdam, Ağcabədi ərazilərində müşahidə olunur. Bunların sırasında Şəki-Zaqatala bölgəsində ilanlar nisbətən daha çoxdur. Bu ilin 6 ayı ərzində 7 ilansancma faktı qeydə alınıb. Cəlilabadda da ilan cancmaların artımı müşahidə olunur. Burada 15-ə yaxın ilan vurma halı qeydə alınıb. Qarabağ bölgəsində isə Ağcabədi liderdir.

Bu ərazilərdə ilanlar əsasən fərdi təsərrüfat sahələrində işlə məşğul olan insanları vurur. Bədbəxtçilik ondadır ki, kənd xəstəxanalarında ilan zəhərini neytrallaşdırmaq üçün tələb olunan zərdab çatışmır. Əksər rayonlarda kəndlərdə yerləşən tibb məntəqələrində adətən zərdab olmur, buna görə xəstəni kələ-kötür, palçıqlı yollarla rayon mərkəzinə aparmaq lazım gəlir. Rayonda zərdab tapılmadıqda isə, xəstəni Bakıya aparmalı olurlar. Bu da bəzən ilan vuran xəstənin ölümünə səbəb olur.

Sən demə, məsələyə yanaşma fərqli imiş. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin verdiyi məlumata görə, ilan zəhəri üzrə zərdablar Bakı üzrə İnnovasiya və Təchizat Mərkəzi tərəfindən verilir. Rayonlarda isə zərdablar İcra Hakimiyyətləri tərəfindən sifariş eidlir. Zərdab olmayan yerlərdə isə dərmanları Bakıdan sifariş verirlər. Ekstremal hallarda isə zərdablar təcili olaraq mənzilinə çatdırılır.

İstənilən halda, bu cür yanaşma anlaşılmır. Tibbdən başı çıxmayan İcra Hakimiyyəti məmurları kənd xəstəxanalarının təchizatı ilə necə məşğul ola bilər? Ona görədir ki, Bakıda ilanvurmaların sayı az olduğu halda, yetərincə zərdab var və ilanların addımbaşı rast gəldiyi kənd xəstəxanalarında zərdab yoxdur. Vəziyyət belə olan halda Zemfira Vahidovanın ilan vuranlar üçün verdiyi tövsiyyələrin də bir qiyməti olmur. Həkim xanım deyir: “Hamı bilməlidir ki, ilan sancan yeri sovurmaq olmaz. Bu həmin insanın həyatı üçün böyük təhlükədir. İlan sancan adamı uzandırmaq, bədənini bağlamaq lazımdır. Daha sonra dərhal həkim çağrılmalıdır. Həkimlər də, hər ilan sancan adama zərdab vurmur. Bu xəstənin vəziyyətinə uyğun vurulur”.

Amma bir daha qeyd edək ki, bu tövsiyyələr yalnız şəhər adamları üçündür. Kənd adamlarına isə yalnız “Qaraca qız” filminin qəhrəmanı kimi ilan vuran əzizlərinin yarasını soraraq aqibətini gözləmək qalır. Bunun belə olmaması üçünsə, Səhiyyət Nazirliyi dərhal hərəkətə keçib kənd xəstəxanalarının da ilanvurmaya qarşı zərdabla təchizatını öz üzərinə götürməlidir.

/ans press/


Müəllif:
Загрузка...