27 İyul 2017 16:56
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əl-Əqsa” məscidi ilə bağlı hadisələrdə fələstinlilərin də günahı var.

Bunu “Əl-Əqsa” məscidi ətrafında yaranmış son gərginliyi Teleqraf.com-a şərh edən politoloq Zərdüşt Əlizadə bildirib. O qeyd edib ki, bəzən hansısa fələstinli gənc İsrail polisinə bıçaq xəsarəti yetirir, yaxud partlayış törədir: “Bununla Fələstin qayıdacaq? Təbii ki, qayıtmayacaq. Amma bu, İsrailə müsəlmanların müqəddəs “Əl-Əqsa” məscidində ibadət etməsinə əlavə əngəllər törətməyə imkan verir. Terrorçuluqla mübarizə adı altında ora dəmirə həssas əlavə detektorlar qoyublar və ibadətə gələnləri yoxlayırlar. İbadətə gəələnlər deyir, mən namaz qılmağa gedirəm, sən məni nə haqla yoxlayırsan? Mən Allah evinə silahla girəcəm? İsrail də dirənib. Deyilənə görə, İsrail metal detektorları və videokameraları götürsə də, başqa təhlükəsizlik tədbirləri həyata keçiriləcək. Amma mütəmadi olaraq İsrailin fələstinliləri əzməsi, torpaqlarından məhrum etməsi, onları özününküləşdirməsi siyasəti davam edir. Məsələn, Suriyadan işğal edib aldığı Colan yüksəkliklərini ümumiyyətlə, qaytarmaq niyyətində deyil. Fələstin torpaqlarının çox hissəsini də geri qaytarmaq fikirləri yoxdur. Ümumiyyətlə, Fələstini tanımırlar”.

Z.Əlizadə qeyd edib ki, ərəb dövlətlərinin bir çoxu – Misir, İordaniya, Səudiyyə Ərəbistanı və digərləri Fələstinin arxasında deyilər: “Fələstinin arxasında ardıcıl olaraq dayanan yeganə dövlət İrandır. Onu da yamanlayır, pisləyirlər, terrorçu adlandırırlar. Hərçənd ki, terrorun atası da, anası da Qərb və rus imperializmidir”.

Bundan sonra proseslərin hansı istiqamətdə cərəyan edə biləcəyinə dair sualımızı cavablandıran Z.Əlizadə deyib: “Biri güclüdü, varlıdı, atom silahı var. O biri zavallı, məzlum və səviyyəsizdir. İki rəqəm deyim. Keçən il İsrail alimləri ixtira, elmi kəşf və sair üzrə 9500 patent üçün müraciət ediblər. Bütün müsəlman alimləri isə cəmi 50 müraciət edib. 9500-ü 50 ilə müqayisə edib yəhudilərlə müsəlmanların elmi potensialını təsəvvür etmək olar. Nobel mükafatları laureatlarının sayına baxın. Cəmi 70 il əvvəl yaranmış İsrail dövləti raket, tank, nüvə silahı istehsal edir. 1300 illik tarixə malik müsəlman dünyası nə istehsal edir? Heç nə. Yalnız neftləri var ki, o da Allahın verdiyi təbii sərvətdir. Neft isə Venesuelada da, Meksikada da, ABŞ-da da, Rusiya da var. Onlar ki, müsəlman dövlətləri deyil”.

Politoloq müsəlmanlar, fələstinlilər üçün yaxşı heç nə görmədiyini vurğulayıb: “İsrail üçün yalnız bir təhlükə var. Əgər onlar Fələstini ayrıca dövlət kimi tanımasalar, aparteid dövləti qurmağa məcburdurlar. Bu zaman vahid dövlətdə fələstinlilərə ikinci dərəcəli vətəndaşlıq hüququ verməyə məcbur olacaqlar. Bu, demokratik dövlət kimi İsrailin özünün məhvi deməkdir. 5-6 milyon insana birdən-birə ikinci dərəcəli vətəndaş kimi baxmaq düzgün deyil. Başqa variant isə ondan ibarətdir ki, fələstinlilər İsrail dövlətində yaşamalı olsalar heç şübhəsiz, daha mədəni səviyyə sayəsində fələstinlilərin artım sürəti yəhudilərin artım sürətini üstələyəcək və nə vaxtsa onlar çoxluğa çevriləcəklər. Ağılları olsa, İsrail qanunlarını və İsrail dövlətini tanısalar, demokratik seçki prosesində iştirak etsələr nə vaxtsa İsrailin prezidenti, vitse-prezidenti, yaxud baş naziri ərəb də ola bilər. Söhbət təbii ki, ərəblərin milli hüquqlarını müdafiə edən ərəblərdən gedir. Bu, hələlik xəyali ehtimaldır. Amma yəhudi siyasətşünasları bunu yazır və danışırlar”.


Müəllif: Səxavət HƏMİD