- Əfşar bəy, iyulun 25-də ABŞ Konqresinin Nümayəndələr Palatası sanksiyalar haqqında qanun qəbul edib. Qanuna əsasən, Rusiya və Şimali Koreya ilə yanaşı İranada ciddi sanksiyalar tətbiq ediləcəyi gözləniləndir. İran hakimiyyəti və cəmiyyəti bu sanksiyalar haqqında nə düşünür?
- İranda bu məsələni yaxşı qarşılamadılar, lakin o qədər də əhəmiyyət vermədilər. Çünki bu sanksiyalar keçmişdə olub, indi də var. Odur ki, bu, o qədər də önəmli məsələ deyil.
İkincisi, əgər bu sanksiyalar təsirli olacqsa, başqa məsələlər meydana çıxacaqsa, o zaman İran nüvə sazişinə yenidən baxacaq.
İran tərəfi bu sanksiyalar qanununu nüvə sazişinə adekvat görmür və hesab edir ki, bu iki addım bir-birinə uyğun deyil. ABŞ Konqresi İran millətinin hüququnu pozmamalıdır. Yəni bu addım İran xalqlarının hüquqularının pozulması kimi qiymətləndirilir.
- Prezident Tramp elan etdi ki, yaxın 3 ay müddətində İranın 5+1 formatında imzaladığı nüvə sazişinin ciddi monitorinqi aparılacaq, çünki İran tərəfi bu sazişlə üzərinə götürdüyü öhdəlikləri pozur. Bu pozuntu üzə çıxarsa, o zaman Tehrana qarşı ciddi addımlar atılacaq...
- Ümumiyyətlə Prezident Tramp ABŞ-da ilk prezidentdir ki, yalan danışır. Əslində ABŞ prezidentləri o qədər də yalançı olmurdular. Biz görmüşdük ki, şəffaf danışırdılar, yalan demirdilər, hətta bir yerə hücum edəndə səbəblərini açıqlayırdılar. Baxmayaraq ki, harasa hücum səhv addım idi, lakin onlar müəyyən səbəbləri deyirdilər. Ancaq Tramp sadəcə yalan danışır. Üstəlik də ABŞ-da onun reytinqi 35 faizə düşüb ki, bunun da səbəbləri var. ABŞ tərəfi sözügedən sazişə uyğun davranmır. ABŞ Dövlət Departamentinin rəhbəri bir neçə gün əvvəl bəyan edib ki, İran tərəfi nüvə sazişinə dair bütün öhdəliklərini yerinə yetirib. Eyni zamanda nüvə sazişində iştirak edən digər 4 dövlət də İranın sazişdən gələn öhdəlikləri yerinə yetirdiyini bildirir. Başqa sözlə, onlar ABŞ-ın bu mövqeyini qəbul etmir. Əksinə, ABŞ-a deyildi ki, siz də öhdəliklərinizi yerinə yetirməlisiniz. Çünki bu ikitərəfli saziş deyil. Söhbət 6 ölkənin iştirakı ilə əldə edilən beynəlxalq sazişdən gedir. Buna da tərəflər əməl etməlidir. İndi İranın bu sazişə əməl etmədiyində israr etmək sadəcə, yalançılıqdır.
- Avropa ölkələri ABŞ-ın yeni qanundan irəli gələn sanksiyalarına qoşulacaqmı?
- Avropa ABŞ-ın bu addımını təqdir etməyib. Əksinə, Vaşinqtondan tələb ediblər ki, öhdəliklərini yerinə yetirsin. Mən deyə bilmərəm, yaxın gələcəkdə nə olacaq. Amma fikrimcə, Avropa ölkələrinin çoxunda Trampa inam azdır. ABŞ-ın özündə də bu inam azalmaqdadır. Hələ seçkilərdə rusların Trampın xeyrinə işləməsinə dair hər gün ortaya yeni faktlar, sənədlər çıxır və bu proseslə bağlı araşdırmalar gedir. Məncə, Tramp hər gün İranın və ya Şimali Koreyanın əleyhinə danışmaqla daxildə gündəm təşkil edən məsələləri kölgədə saxlamaq məqsədinə xidmət edir. Digər tərəfdən, bu sanksiyalar haqqında müzakirə getdiyi bir ərəfədə Fransadan “Total” şirkəti gəlib və İranda neft sahəsinə dair 5 milyard dollarlıq kontrakt imzalayıb. Ayrıca 2 milyard dollarlıq kontrakt da imzalanıb. Bu göstərir ki, Fransa və Avropa Birliyi Trampın İran əleyhinə çıxışlarına ciddi yanaşmır. Əslində sanksiyaların İrana ciddi çətinliklər yaradacağı gözlənilmir. Dünya da buna müsbət yanaşmır. İran tərəfi də bununla bağlı hansı addım atacağını müəyyən edir.
- Bu sanksiyalar Tehran-Moskva münasibətlərini bir qədər də möhkəmləndirə bilərmi?
- Bu qanun layihəsi Senata getməli və orada təsdiq edilməlidir. Daha sonra prezident tərəfindən imzalanmalıdır. Belə yanaşma da var ki, prezident bunu imzalamaya və qanun yenidən Konqresə qayıda bilər. Bunlar zaman aparacaq. Bu müddətdə isə ABŞ-da və ya regionda çoxlu hadisələr baş verə bilər.
Əlbəttə, İran-Rusiya münasibətləri var və davam edir. Lakin bu münasibətlərin dediyiniz məqama görə daha da sürətlənəcəyi nəzəri cəhətdən mümkündür, lakin o qədər də irəli gedə bilməz. Rusiyanın özünün də ABŞ-la problemləri var.
- Türkiyə və ABŞ arasında da ciddi fikir ayrılığı var. Üstəlik sanksiya məsələsi İran hakimiyyətini narahat etməyə bilməz. Bu amillər İran-Türkiyə əlaqələrinin yaxınlaşması üçün stimul rolunu oynaya bilərmi?
- Əlbəttə, belə hallar müvəqqəti olaraq münasib atmosfer yarada bilər, lakin dərin təsir göstərə bilməz. Çünki İran-Türkiyə münasibətləri ümumi əlaqələri ehtiva edir. Başqa sahələr üzrə əlaqələr dərin olmur. İran və Türkiyənin Suriya məsələsində, Fars Körfəzində, İraqda bəzi ixtilafları var. Bu imkan vermir ki, iki ölkənin maraqları üst-üstə düşsün. Səbəblər isə siyasi və regional amillərlə bağlıdır, üstəlik sünni və şiə məsələsinə təsir göstərir. Bunlar həll edilmədən münasibətlərdə ciddi yaxınlaşma olacağına inanmıram. Tərəflər mövqe baxımından bir-birinə yaxınlaşsa, münasibətlər irəliyə aparıla bilər. Lakin mən indilikdə bunun baş verəcəyini görmürəm.
- Fars Körfəzində ABŞ hərbçiləri İranın gözətçi gəmisinə xəbərdarlıq atəşi açdı, Gürcüstanda NATO təlimləri başlayır, Baltik regionunda bu təlimlər ötən ay başa çatdırılıb. Rusiya da buna qarşı cavab verir. Məsələn, Rusiya Gürcüstanın separatçılar olan ərazilərində təlim keçib, sentyabrda Belarusda təlimlərə start verəcək. Regionda hərbi hərəkətlilik daha çox müşahidə olunur. Müharibə ehtimalları nə dərəcədə realdır?
- Mən hərbi qarşıdurma görmürəm. Hərbi manevrlər başadüşüləndir. NATO daha çox Rusiya qarşısında hərbi manevrlər edir. Baltik regionunda imkanlarını genişləndirir, Şərqi Avropada ordusu var, hərbi avadanlıqlar, raket sistemi quraşdırıb. Gürcüstanda da NATO təlimləri keçiriləcək. Belarusda Rusiya təlimləri isə NATO-ya cavab xarakterlidir. Ancaq elə bu qədər olar. Rusiya-NATO arasında hərbi qarşıdurma və real müharibə gözləmirəm. Eyni zamanda İranla ABŞ arasında da müharibə ehtimalını görmürəm.Hələlik müşahidə edilənlər siyasi məsələlər, mövqelər və dedi-qodulardır.
ABŞ daxilində Trampın mövqelərinin zəifləməsi, xaricdə ona inamın azalması, NATO qüvvələri arasında ona inamın güclü olmaması faktları var. Bu halda ABŞ-ın həm Rusiya, həm də İranla hərbi qarşıdurması ağlabatan deyil.
- ABŞ-İran müharibəsi olmasın, olsun Ərəb-İran müharibəsi...
- Əlbəttə, bəzən Səudiyyə Ərəbistanı-İran qarşıdurması haqqında söhbətlər eşidilir. Ancaq Səudiyyədə yeni vəliəhd Məhəmməd Bin Salmanın hakimiyyətə gəlməsindən sonra da belə perspektiv görmürəm. Çünki Səudiyyə Ərəbistanı və digər ölkələrin özlərinə aid çoxlu problemləri var. Baxın, Səudiyyə Ərəbistanı Yəməndə yaxşı durumda deyil, Qətərlə münasibətlərdə problem yaşayır, İranla əlaqələr yoxdur. Üstəlik Ər-Riyad-Ankara münasibətləri o qədər isti deyil. Belə bir durumda Səudiyyə Ərəbistanı-İran hərbi qarşıdurması real görünə bilməz. Digər tərəfdən, neftin qiyməti aşağı düşüb, iqtisadi problemlər var və s. Siyasi, iqtisadi sahədə qarşıdurmalar ola bilər, amma bunun müharibəyə çevrilmə ehtimalını görmürəm.
- Sentyabrın 25-də İraqın şimalındakı Kürd Muxtariyyəti müstəqillik referendumu keçirmək qərarını verib. Rəsmi Ankara buna etiraz edir. Bəs İranın bu məsələyə dair mövqeyi nədən ibarətdir?
- İran rəsmən elan edib ki, bu referendum doğru deyil, İraqın ərazi bütövlüyü bölünməzdir, İraq konstitusiyası imkan vermir ki, Kürdüstan müstəqilliklə bağlı referendum keçirsin. Bu aydın mövqedir. Avropa da, ABŞ da zahirən buna münasibətini bildirib.
- Regionda yeni bir dövlətin yaranmasını İran özü üçün təhdid hesab edirmi?
- Məncə, İranın İraqa baxışı dini və ya keçmişdən gələn baxış deyil. İran sadəcə İraqdakı millətlərin və məzhəbləri iraqlı hesab edərək hesab edir ki, onlar İraq adlı bir ölkədə yaşamağda davam etməlidir. Yox, əgər orada bir dövlət olacaqsa, fikrimcə, bu daha çox Türkiyəyə təsir edə bilər. İranda yaşayan kürdlər heç vaxt müstəqil olmaq istəməyiblər. Əlbəttə, kürdlərin İrandan bəzi tələbləri olub, amma İrandan ayrılmaq kimi bir niyyətləri heç vaxt olmayıb. Ancaq belə reallıq Suriya və Türkiyə üçün gələcəkdə problemlər yarada bilər. Mən İran üçün belə təhlükə görmürəm. Əgər kürd dövləti yaranars,a mümkündür ki, İranda da kimlərinsə fərqli baxışları ola bilər, lakin güman etmirəm ki, bu o qədər də önəmli bir məsələ olsun.