22 İyul 2014 11:43
1 160
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki gün əvvəl cəbhənin Tərtər istiqamətində balıq tutmağa gedərkən Ermənistan tərəfdən snayeperlə vurulan dinc sakinin ölümü ilə bağlı təfərrüatlar məlum olub.

Alınan məlumata görə, Tərtər rayon sakini Mübariz Əliyev iyul ayının 18-də günorta saatlarında kəndə balıq tutmağa gedib. Gecə evə qayıtmayan Mübarizin güllə ilə vurulması xəbərini ailəsinə Tərtər polis şöbəsinin əməkdaşları deyib.

Səhər saatlarında polis əməkdaşları cəsədi götürmək üçün Mübarizin vurulduğu yerə getsələrdə qarşı tərəfin gülləboranına tuş gəliblər. Daha sonra təmas xəttində xidmət edən Şuşa polisi ilə birgə Tərtər rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə yollanıb.

Şuşa rayon polis şöbəsinin rəisi Orduxan Kərimov bildirib ki, hadisə yerinə çatanda polislərin formalarının seçimli olduğunu görəndə əraziyə daxil olmağa risk etməyib. “Göy rəng tez seçilir. Bu rəngi yuxarıdan snayper tez görür. Ona görə polislərin formalarını çıxartdırdım. Polislərin və vətəndaşların köməkliyi ilə meyidi gətirib təcili tibbi yardım maşını qoyduq. Daha sonra cəsədi morqa apardıq”.

Orduxan Kərimovun sözlərinə görə, cəsədin ayağı şalvar kəməri ilə sıxılmış vəziyyətdə olub. Ehtimal olunur ki, ilk güllə ayağından dəydiyindən Mübariz Əliyev qanaxmanın qarşısını almağa çalışıb. İkinci güllə isə belindən dəyib. Mübariz Əliyevin cəsədi Tərtər Rayon Mərkəzi Xəstəxanasının morqunda müayinə edildikdən sonra ailəsinə təhvil verilib.

Mərhumun qohumu Seymur Qəmbərov bildirib ki, cəsədi görəndə tanıya bilməyib. “Tanınmaz vəziyyətə idi. Üzünü gün yandırmışdı”.

Bənnalıqdan əldə etdiyi gəlirlə ailəsini dolandıran Mübariz Əliyevin iki azyaşlı övladı qalıb.

/ans press/


Müəllif: