Bu gün səhər saatlarında daxili işlər naziri Avakovun 8 nümayəndəsi Kiyevdə qardaşım David Saakaşvilini evindən çıxarkən saxlayıb naməlum istiqamətə aparıblar. O hüquqşünasdır, Ukraynada yaşamaq üçün sənədi var.
Görünür, bu üsulla mənə təsir etməyə çalışırlar ki, qayıtmaq fikrindən daşınım. Siz məni çox pis tanıyırsınız!
Teleqraf.com xəbər verir ki, bu sözləri Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş rəhbəri Mixail Saakaşvili özünün Feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, hökumətin bu addımı onun Ukrayna və ukraynalıların müdafiəsi ilə bağlı qətiyyətini daha da artırır.
Daxili İşlər Nazirliyi bu barədə şərh verməyib.
Ukraynanın daxili işlər nazirinin keçmiş məsləhətçisi İlya Kiva “112 Ukrayna” telekanalının efirində Saakaşvilinin qardaşının saxlandığını təsdiqləyib: “Saakaşvilinin qardaşı ölkədə qanunsuz yaşadığına görə Miqrasiya xidməti və polis tərəfindən saxlanılıb və deportasiya olunması üçün hazırlıq gedir”.