Bir neçə gündür ki, sosial şəbəkələri müsəlmanların günahsız yerə öldürülməsi, müsəlman kişi, qadın və hətta uşaqlarına amansız zülm edilməsi ilə bağlı görüntülər paylaşılır.
Teleqraf.com xəbər verir ki, Azərbaycanın bir çox tanınmış simaları da məsələyə biganə qala bilməyərək, baş verən hadisələrə və ən əsası günahsız körpələrin ölümünə, uşaqlara zülm edilməsinə öz münasibətini bildirib.
Əməkdar artist Röya Myanmada yaşanan müsəlman zülmünə səssiz qalmayıb.
O, şəxsi İnstaqram səhifəsində uşağa verilən əziyyətin görüntülərini paylaşaraq üsyan edib:
“Səhifəmdə heç bir zaman zülmü əks etdirmədim! Buna hər kəs şahid oldu! Müsəlmanın yıxıldığını göstərmək istəmədim, çünki utandım! Utandım ona görə ki, mən gərək səhnələrə çıxmayım… “Bəs o zaman ailəmə, övladıma kim baxar?” – deyə sual içimi qanatdı! Bəzilərinə müğənniciyəm, bəzilərinə kiçik hərflə röya… amma mənim unutmadığım və şəkk gətirmədiyim Allahım var. Bunu paylaşaraq deyirəm: Nə günahım var, bağışla! Nə cəzam var, ver, çəkim!!! Amma balamdan çəkdirmə. Yalvarıram, balamdan çəkdirmə. Orada olan mənim ruhum, mənim canımdır. Bunu mənə göstərdinsə, deməli, günahım böyükdür! Bu gündən mənim instadünyam yoxdur!!! Allahım günahımızı balamıza çəkdirmə! Birmada buddistlər müsəlmanları diri-diri yandırırlar, uşaqları “tok”a verirlər, buna dünya göz yumur!”
Prodüser Tarix Əliyev isə zülmə məruz qalanlara yardım edə bilməyənləri heç olmazsa, bu görüntüləri paylaşmadıqlarına görə tənqid edib:
“Neçə gündür baxıram, bu zavallıların bir videosunu və ya şəklini bir məşhur paylaşmadı. Yalnız 5 nəfəri gördüm. Ay Allahın bədbəxtləri. Siz də müsəlmansınız da! Əlinizdən bir yaxşılıq onsuz da gəlmir. Toy şəkillərinizi paylaşmaqdan yorulmursunuz. Bir dəfə də səhifənizdə bu zavallıları paylaşın da! Nə olar ki? Allah hər kəsin ürəyinə görə versin. İnşallah Allah sizin də ürəyinizə görə verər və bu şan-şöhrəti əlinizdən alar. Onda bilərsiniz ki, zavallının imdadına çatmasan da, başqalarına dərdini duyurmamaq necə olur. Allah onlara özü kömək olsun. Zatən siz kimsiniz ki, onlara kömək edəsiniz.
Bunu edən insan ola bilməz. Zalımlar üçün yaşasın cəhənnəm! Arakan qan ağlayır. Əgər bir zülmün qarşısını ala bilmirsinizsə, onu duyurun!”
Müğənni Üzeyir Mehdizadə də hadisələrə biganə qalmayaraq, səhifəsində Arakanla bağlı fotolar paylaşıb.
“Bozbaş Pikçers”dən tanıdığımız aktyor Ramil Babayev də həmçinin zalımları kəskin şəkildə qınayıb:
“Ürəyi zəif olanlar baxmasın!
Əlimizdən nə gəlir ki?! Göz görə-görə insanlıq əldən gedir! Müsəlmanları son 10 ildə terrorist adlandırdılar... Müsəlmanı müsəlmanın əli ilə qırdılar! İndi də ən bədbəxt, insanlıqdan uzaq olan şəxsiyyətsizlər uşaqları belə öldürürlər! BMT hara baxır? NATO niyə qırmır bunları? Ay Suriyada bir-birini qıran “müsəlmanlar”, gedin onları qırın da! Səbirdən keçib artıq!”
ATV-nin aparıcısı İlhamə Bədəlova da olanlara biganə qalmayıb. O bir oğlunu itirən atanın videosunu paylaşaraq, üzüntüsünü göz yaşları ilə ifadə edib.