4 Sentyabr 2017 14:51
1 811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Myanmarda müsəlmanların öldürülməsi və yaşadıqları ərazilərdən kütləvi şəkildə qovulmaları davam edir. Bu ölkədə 21 il həbsdə yatan və insan hüquqlarının davamlı müdafiəçisi olaraq ad çıxaran, Nobel Sülh Mükafatına layiq görülən Aunq San Suçin hakimiyyət başındadır. Amma buna rəğmən, insan hüquqlarının ən kütləvi formada pozulması, irqi və dini ayrıseçkiliyin klumunasiya həddində olduğu artıq dünyaya sirr deyil.

Banqladeşə sığınan arakanlılar başlarına gətirilən müsbətlər haqqında danışıb. Teleqraf.com onların fikirlərini təqdim edir:

Əbdül Rəhman: “Qardaşlarımın əllərini kəsdilər”

Hazırda Banqladeşdə qaçqın həyatı yaşayan myanmarlı Əbdul Rəhman deyib ki, qohumlarının cəsədini tarlada tapıblar: “Cəsədlərin üzərində güllə və zorakılıq izləri var idi. 6 və 8 yaşlı iki qardaşımın əllərini kəsiblər. Bizi toplayıb bir pambıq damına saldılar. Oranı yandırmaq istəyirdilər”.

Sultan Əhməd: “İnsanları doğradıqlarını gördükdə evin arxasından qaçdıq”

Sultan Əhməd adlı başqa bir müsəlman isə deyib ki, bəzi insanların başı kəsilmişdi: “Çoxu doğranmışdı. Bunu gördükdən sonra evin arxa tərəfi ilə qaçdıq”.

Myanmar ordusunun silahlı əsgərlərinin əllərindən qaçan və hazırda Banqladeşə sığınan müsəlmanların sayı 73 mindən çoxdur. BMT-nin Qaçqınlar üzrə Ali Komissarının nümayəndəsi Vivian Tan deyib ki, Banqladeşə sığınan qaçqınların çoxu günlərdir heç bir şey yemədiklərini söyləyirlər. Onlar Arakanda çox ağır zədələr alıblar.

Hökumət beynəlxalq qurumları ölkəyə buraxmır

Myanmar hökuməti beynəlxalq təşkilatların nümayəndələrinin hadisələrin baş verdiyi Arakan və digər bölgələrə daxil olmasına icazə vermədiyi üçün müsəlmanların öldürülməsi prosesi davam edir.

Fikrət Sadıqov: “Aparıcı dövlətlərin səsi çıxmır”

Myanmarda baş verən müsəlman qətliamı haqqında Teleqraf.com-a danışan politoloq Fikrət Sadıqov deyib ki, orada müsəlmanların öldürülməsi, öz yurd-yuvalarından qovulması prosesi davam edir: “Çox təəssüflər olsun ki, aparıcı dünya dövlətləri bu hala biganəlik nümayiş etdirir. Guya Myanmar dövlət başçısı keçmiş insan haqları müdafiəçisi olub, demokratik insandır. Ona görə bu hala göz yumulur. Orada öldürülənlər müsəlmanlar olmasaydı aparıcı dövlətlər özlərini indiki kimi aparmazdı. Əksinə, ayağa qalxar, dərhal sanksiyalar haqqında danışar, təzyiqlərə başlayardı. Ancaq müsəlmanları qırmaqda həmin hakimiyyəti kimsə günahlandırmır. Görünür, bu məsələdə dini amil də güclü rol oynayır”.

Politoloq əlavə edib ki, Myanmar hakimiyyəti hesab edir ki, “separatçılıqla” məşğul olduğu üçün müsəlmanları qırmaq, onların guya ölkəni dağıtmasına imkan verməmək lazımdır: “Halbuki belə bir hal yoxdur. Sadəcə azlıqda olan müsəlmanlar öz hüquqları uğrunda mübarizə aparır. Onlar nə hakimiyyətə gəlmək, nə də dövləti devirmək istəyir. Müsəlman azlıq digər xalqlara qarşı mübarizə aparmaq niyyətində də deyil. Onlar elementar hüquqlarının olmasını istəyirlər”.


Müəllif: Cavad

Oxşar xəbərlər