Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Maynmarda baş verən kütləvi qırğınla bağlı bəyanat verib.
QMİ-nin mətbuat xidmətindən Teleqraf.com-a daxil olan bəyanatda deyilir:
“Azərbaycan Qafqaz müsəlmanlarının iradəsini ifadə edərək, Myanmarda Rohinca müsəlmanlarına qarşı həyata keçirilən soyqırımını qətiyyətlə pisləyir, insanlıq əleyhinə əməllərin dərhal dayandırılmasını tələb edirik.
Məqsəd və məramından asılı olmayaraq, insanların milli, dini, irqi mənsubiyyətə görə kütləvi şəkildə məhv edilməsi genosiddir. Arakanda müsəlmanlara qarşı reallaşdırılan qətliamın dini mənsubiyyət amilinə görə həyata keçirilməsini islamofobiyanın bariz nümunəsi kimi qiymətləndirir, belə halların qətiyyən yolverilməz olduğunu bəyan edirik. Myanmarda siyasi ambisiyalar üzərində təşəkkül tapmış bu cür ksenofobiya təzahürləri insanlıq adına ləkədir.
Biz dünya ictimaiyyətini Myanmardakı barbarlıq hallarına, islamofobiya, dini ayrıseçkiliyin dəhşətli nümunəsinə sərt və birmənalı münasibət bildirməyə çağırırıq. Dünya dövlətləri, Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, müvafiq beynəlxalq qurumlar, dünyanın dinindən, əqidəsindən asılı olmayaraq dini liderləri qətiyyətli şəkildə Myanmar hökumətini bu cinayətlərə real şəkildə son qoyulmasına çağırmalı, bunun üçün mümkün vasitələrlə təzyiq göstərməlidirlər.
Dünya ictimaiyyəti soyqırımı kimi bəşəri cinayətlərə heç bir vəchlə ikili standartlar mövqeyindən yanaşmamalı, cinayəti adı ilə çağırmalı, ona qarşı monolit müqavimət göstərməlidir. Xocalı soyqırımına məruz qalmış, terror və separatizmdən əziyyət çəkən xalq olaraq, azərbaycanlılar bəşərə qarşı cinayətlərin ağrı-acısını yaxşı anlayır. Tarixi təcrübə göstərir ki, zamanında beynəlxalq qınaqla qarşılanmayan, ədalətli hüquqi-siyasi qiymətini almayan soyqırımlar onların təkrarlanmasına rəvac verir.
Hesab edirik ki, Myanmarda baş verənlər nəinki müsəlmanlara, bütün bəşəriyyətə qarşı yönəlmiş cinayətdir və məqsəd dinlər arasında qarşıdurma yaratmaq, dözümsüzlük meyllərini alovlandırmaqdır.
Dünya müsəlmanlarının haqlı hiddətinə səbəb olmuş Myanmar hadisələri bir daha sübut edir ki, dünyamızın əmin-amanlığı üçün dinlərarası dialoq və mədəniyyətlərarası əməkdaşlıq prioritet olmalı, dinc birgəyaşayışın önəmli şərti olaraq multikulturalizm, dinlərarası həmrəylik və tolerantlıq ideyaları əsas götürülməlidir. Myanmardakı bəşəri faciənin təkrarlanmaması, müqəddəs dəyər olan insan həyatının qorunub saxlanılması naminə dünya ictimaiyyəti planetimizin istənilən nöqtəsində ksenofobiya təzahürlərinin, o cümlədən islamofobiyanın qarşısının alınması məsələsinə biganə qalmamalıdır.
Azərbaycan məhz bu prioritetlərdən çıxış edərək, multikulturalizm, İslam Həmrəyliyi, dinlərarası dialoq, mədəniyyətlərarası əməkdaşlıq ideyalarını bəyan edir, dinlər arasında dostluq və qardaşlığın vacibliyini təlqin edir.
Qafqaz Müsəlmanları İdarəsi olaraq, bu hadisəni qətiyyətlə pisləyir, dinc insanların genosidi kimi bağışlanmaz cinayətlərə heç bir bəraət olmadığını bəyan edirik. Qafqaz Müsəlmanları İdarəsi bölğənin milyonlarla insanının iradəsini ifadə edərək, dünya ictimaiyyətinə müraciət edir, sivil cəmiyyətlərə başucalığı gətirməyən belə halların heç bir dövlətdə bir daha təkrarlanmaması üçün bütün zəruri tədbirləri görməyə, bu vəziyyətin yaranmasına görə məsuliyyət daşıyanların cidd-cəhdlə müəyyən olunaraq beynəlxalq məhkəmələrdə mühakimə edilmələrini təmin etməyə çağırır”.
Qeyd edək ki, Myanmar ordusunun silahlı qruplaşmalarla mübarizə adı altında ölkənin Arakan bölgəsində yerli müsəlmanlara hücumları nəticəsində çoxlu sayda müsəlman öldürülüb. Onlarla kənd yandırılıb, on minlərlə müsəlman təhlükəsizlik məqsədilə bölgədən qaçmağa çalışır.