Sentyabrın 6-da, Kaliforniya vaxtı ilə saat 7:30-da 97 yaşında dünyasını dəyişən dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniyanın Berkli Universitetinin professoru Lütfi Zadə daim Azərbaycana bağlı bir insan olub.
O, ölkəmizdə gedən prosesləri diqqətlə izləyib, vaxtaşırı bununla bağlı açıqlamalar verib. 10 yaşında ikən ailəsi ilə birgə Bakını tərk edən Lütfi Zadə 1965-ci ildə baş tutan 1 günlük səfərini nəzərə almasaq, doğma şəhərinə bir də 2008-ci ildə gələ bilib. Həmin ilin noyabrında o, “Bakutel-2008” XIV Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirak edib.
Teleqraf.com Azərbaycan Televiziyasının dünya şöhrətli alim barədə 1998-ci ildə hazırladığı filmi təqdim edir. Professor Lütfi Zadənin filmin çəkilişləri zamanı Bakıda – vaxtilə yaşadığı evdə lentə alınmış videoya baxarkən (filmin 18:33-cü dəqiqəsi) gözlərinin yaşarması onun Vətəninə bağlılığının bariz göstəricisidir.