Lütfi Zadə haqqında ilk dəfə 1991-ci ildə 9-cu sinifdə oxuyarkən İnformatika dərsliyi kitabında oxumuşdum. O zaman dünyaca məşhur olan bir alimin azərbaycanlı olması hamımızda böyük maraq oyatmışdı. Uşaqların əksəriyyətində və xüsusən də məndə İKT-yə maraq da elə bu dövrdən və məhz onun sayəsində yaranmışdı.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Tahir Mirkişili dünən dünyasını dəyişən Azərbaycanın dünya şöhrətli alimi Lütfi Zadə barədə xatirələrini bölüşərkən deyib.
Deputat Lütfi Zadə ilə 2006-cı ildə ABŞ-da görüşdüyünü vurğulayıb:
“O, Azərbaycanı daim izlədiyini, inkişaf konsepsiyasını və seçdiyi yolu xeyli müzakirə edir, doğru yolda olduğumuzu deyir və digər ölkələrlə müqayisə edirdi. Hiss olunurdu ki, ürəkdən Azərbaycanı düşünür, bir alim kimi öz hislərini bizimlə bölüşürdü. Daha sonra yaşının çoxluğuna və məsafənin uzaqlığına baxmayaraq, Azərbaycana gəldi və dövlət başçısı tərəfindən “Dostluq” ordeni ilə təltif olundu. O, bu ordeni daim sinəsində daşıdı”.
Tahir Mirkişilinin sözlərinə görə, Azərbaycanın dünya elminə, mədəniyyətinə töhfəsi çox olub:
“Əminəm ki, bundan sonra da olacaq. Bəlkə də “Dünya vətəndaşları” siyahısı müəyyən etsəydilər, bu siyahıda xeyli azərbaycanlı olardı. Lütfi Zadə dünyasını dəyişdi, bir dünyadan digər dünyaya keçdi. Bu dünyada onun kəşfləri, azərbaycanlı kimliyi və “Dostluq” ordeni qaldı. “Professor Zadə” əfsanəsi isə davam edir, onun yolunu davam etdirən və ondan ruhlanan neçə azərbaycanlı olacaq - bunu tarix göstərəcək. Azərbaycanın yenicə müstəqillik əldə etdiyi bir dövrdə informatika müəllimimiz Lütfi Zadənin şəxsində azərbaycanlıların potensial olaraq nəyə qadir olduqlarını bizə həmişə izah edirdi”.