Azərbaycanın Çinə yeni təyin olunmuş səfiri Əkrəm Zeynallı etimadnaməsini Çin Xalq Respublikasının sədri Si Cinpinə təqdim edib.
XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, ölkəsinin Çinlə münasibətlərinə xüsusi əhəmiyyət verdiyini və ikitərəfli əlaqələri bütün istiqamətlər üzrə inkişaf etdirməkdə maraqlı olduğunu bildirən səfir, Prezident İlham Əliyevin Si Cinpini ölkəmizə rəsmi səfərə dəvət etdiyini xatırladıb və səfərin yaxın gələcəkdə həyata keçiriləcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.
Azərbaycan hökumətinin Çin Xalq Respublikasının sədri Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsünü ciddi şəkildə dəstəklədiyinə diqqəti yönəldən səfir, ölkəsinin bu təşəbbüsün uğurla həyata keçirilməsinə xüsusi töhfə verməyə hazır olduğunu bildirib.
İqtisadi sahədə əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu qeyd edən Ə.Zeynallı, Çin şirkətlərini Azərbaycanla daha sıx işləməyə dəvət edib.
Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxunan səfir münaqişənin həlli ilə bağlı Çinin ədalətli mövqeyinə görə təşəkkürünü bildirib.
Si Cinpin səfiri yeni təyinatı münasibətilə təbrik edib. O, Prezident İlham Əliyevin 2015-ci ilin dekabr ayında Çinə dövlət səfərini xatırladaraq həmin səfər çərçivəsində Azərbaycanın dövlət başçısı ilə birlikdə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün bir sıra vacib qərarlar qəbul etdiklərini bildirib və bu qərarların həyata keçirilməsi üçün Prezident Əliyevlə daha sıx işləməyə əzimli olduğunu vurğulayıb.
Azərbaycan Prezidentinin rəsmi səfərlə bağlı dəvətinə görə təşəkkür bildirən Si Cinpin, ölkəmizə rəsmi səfər etməkdən məmnun olacağını qeyd edib və hər iki tərəf üçün məqbul tarixlərin diplomatik kanallar vasitəsilə razılaşdırılmasını təklif edib.
Söhbət zamanı Si Cinpin “Bir kəmər, bir yol” təşəbbüsünü ciddi şəkildə dəstəklədikləri üçün şəxsən Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkürünü bildirib.