14 Sentyabr 2017 12:40
1 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatları “Azəri”, “Çıraq” və “Günəşli” (AÇG) layihəsi üçün Hasilatın Paylaşdırılması haqqında Sazişin müddətinin uzadılması münasibətilə təbrik edir.

Teleqraf.com-un məlumatına görə, bu açıqlama ilə ABŞ-ın Azərbaycandakı səfirliyi çıxış edib.

Qeyd olunur ki, bu, Azərbaycan və onun, Birləşmiş Ştatlar da daxil olmaqla, dənizdəki AÇG neft yataqlarını inkişaf etdirən tərəfdaşları üçün möhtəşəm bir gündür: “1994-cü ildə imzalanmış və “Əsrin müqaviləsi” adını almış HPS və bugünki yeni sazişin imzalanması eyni dərəcədə vacibdir. Dənizdə “Azəri”, “Çıraq” və “Günəşli” neft yataqlarını inkişaf etdirmiş AÇG HPS və daha sonra Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) formalaşması neft və qazın beynəlxalq inkişafında əsas mərhələ, o cümlədən beynəlxalq enerji təhlükəsizliyi və Azərbaycan üçün böyük uğurdur.

Birləşmiş Ştatlar neft və qaz ehtiyatlarının iqtisadi çiçəklənmə və dünya enerji təhlükəsizliyinin artırılması məqsədilə əsas faktor qismində inkişafını və onların Avropa və digər bazarlara təhlükəsiz tədarükünü müşahidə edərək, neft və qaz ehtiyatlarının Azərbaycanda və Xəzər dənizi hövzəsində inkişafını 1990-cı illərin əvvəlindən başlayaraq aktiv şəkildə dəstəkləyir”.

Bildirilir ki, bu karbohidrogen ehtiyatlarının inkişafının və onların beynəlxalq təhlükəsizlik fonunda oynadığı rolun vacibliyi bu gün də Birləşmiş Ştatlar tərəfindən tanınır və xüsusi olaraq vurğulanır: “Bu reallıq aydın şəkildə Prezident Trampın 24-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgi-Konfransının keçirilməsi münasibətilə ən xoş arzularını ifadə etdiyi 28 may tarixində yazdığı məktubda və dövlət katibi Tillersonun fevral ayında keçirdiyi müşavirə şurasında Birləşmiş Ştatların Cənub Qaz Dəhlizini dəstəkləməsi haqqında səsləndirdiyi bəyanatında nümayiş etdirilir.

Amerikanın neft şirkətləri ABƏŞ konsorsiumunda əzəli iştirakçılar sırasında qalmaqdadır və 1990-cı illərin sonlarında Birləşmiş Ştatlar AÇG və Xəzər dənizi hövzəsindəki digər regionlardan dünya bazarlarına neft daşıyan Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinə güclü siyasi və maddi dəstək vermişdi. Amerikanın neft-mədən avadanlıqları və xidmət şirkətləri həmçinin bu layihələrin həyata keçirilməsində əsas rol oynamışdılar. BTC boru kəmərindən sonra bizim əməkdaşlığımız hazırda Xəzər qazını Gürcüstan və Türkiyəyə çatdıran Cənubi Qafqaz Boru kəmərinin tikintisinə gətirib çıxardı.

Yaxınlarda Birləşmiş Ştatlar qaz təchizatını Avropa istehlakçılarına çatdırmaq üçün yeni mənbə və marşrut yaratmaqla Avropa enerji təhlükəsizliyini gücləndirən Cənub Qaz Dəhlizinin inkişafında Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələrlə yaxından əməkdaşlıq edib.

Bütün bu layihələr nəinki Xəzər dənizi ehtiyatlarını dünya üçün açıb, həm də Azərbaycanın iqtisadi artımına təkan verib”.

Səfirliyin məlumatında daha sonra deyilir: “Azərbaycan enerji inkişafının yeni və daha da çox ümidlər verən mərhələsinə qədəm basdığı üçün biz yeni neft və qaz ehtiyatlarının inkişaf etdirilməsi və onların bazara çıxarılması məqsədilə sizinlə əməkdaşlığımızı davam etdirmək istəyirik. Birləşmiş Ştatlar Azərbaycanın ümumi inkişafında, onun qeyri-neft sektorlarının artmasında və yeni İpək Yolunun reallaşdırılmasında çoxdankı tərəfdaşı olduğu üçün uzun müddətdir ki, neft və qaz sektorunda baş verən iri həcmli strateji layihələrdə Azərbaycanın tərəfdaşı olub və tərəfdaşı olaraq qalmaqdadır.

Prezident Tramp bu ilin əvvəlində söylədiyi kimi: “Mən Birləşmiş Ştatlarla Azərbaycanın son 25 ildə birlikdə qurduğu əməkdaşlığı dəyərləndirirəm və bu əməkdaşlığın davamlı inkişafını gözləyirəm””.


Müəllif: Səxavət

Oxşar xəbərlər