Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışında etdiyi çıxış həm Azərbaycan həqiqətlərinin nufuzlu beynəlxalq aktorlara çatdırılması, həm də despotik erməni rejiminin yalanlarının ifşa edilməsi ilə səciyyəvi oldu.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
O qeyd edib ki, prezident ilk növbədə orta əsr təfəkkürü ilə yaşayan despotik və korrupsiyaya uğramış hərbi xunta rejiminin hələ də Azərbaycan torpaqlarını işğal altında saxladığını diqqətə çatdıraraq bunun yolverilməz olduğunu bildirdi:
“Bu işğalda azərbaycanlılara qarşı soyqırımı törədənlərdən birinin elə Ermənistan prezidenti olduğunu söyləyərək bu vaxta qədər problemin həll edilməməsinin səbəbi kimi dünyada mövcud olan ikili standartları göstərdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməməsinin anlaşılmaz olduğunu vurğulayan Prezident İlham Əliyevin artıq belə məsələlərin öz həllini tapması üçün BMT-də müvafiq mexanizmlərin yaradılmasının vaxtının çatdığını bildirdi. Bu təklif hazırda islahatların aparılmasının zəruri olduğu bildirilən ən nüfuzlu beynəlxalq təşkilat olan BMT-nin yenidən təşkilatlanaraq daha effektiv fəaliyyət göstərməsi baxımından olduqca aktual idi. Çünki beynəlxalq münasibətlərin hazırkı mürəkkəb mərhələsində BMT üzvü olan çoxsaylı dövlətlərin ərazi bütövlüyü pozulur, beynəlxalq hüququn tələbləri yerinə yetirilmir, BMT tərəfindən tanınmış sərhədlər siyasi xəritədən silinir. BMT isə bunların qarşısını almaq üçün müvafiq struktura malik deyil. Belə olan halda isə dünyanı xaos bürüyür, etnik seperatçılıq baş alıb gedir, milli dövlətlər dağılır ki, bu da beynəlxalq münasibətlərin gələcəyi üçün yaxşı heç nə vəd etmir. Prezident İlham Əliyev məhz bu kontekstdə bir daha Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini diqqətə çatdıraraq hazırkı mərhələdə Ermənistana beynəlxalq sanksiyaların tətbiq edilməsinin vacib olduğunu bildirdi. Eyni zamanda qeyd etdi ki, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələr işğalçı Ermənistanla münasibətlərə məhdudiyyətlər qoymalıdırlar. Bu fikirlər təkcə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması baxımından deyil, həm də istər postsovet məkanında, istərsə də Yaxın Şərqdə bənzər problemlərin həlli yollarının tapılması baxımından olduqca rasional və düzgün fikirlər idi”.
H.Babaoğlu qeyd edib ki, əgər BMT doğrudan da öz nizamnamə tələblərinin və beynəlxalq hüququn yerinə yetirilməsini istəyirsə, mümkün islahatlar prosesində mütləq bunları nəzərə almalıdır: “Prezident İlham Əliyev işğalçı Ermənistana bir daha xəbərdarlıq edərək bildirdi ki, Aprel döyüşləri təkrarlana bilər. Ona görə də beynəlxalq birlik Ermənistan rejiminin faşizm və terror siyasətinə son qoymalıdır. Yüksək tribunadan səsləndirilən bu cəsarətli fikir, əslində, Ermənistanla bərabər həm də onun işğalçılıq siyasətinə bu və ya digər səviyyədə dəstək verən ölkələrə ünvanlanmış mesaj idi”.
Müsahibimiz daha sonra deyib: “Prezident İlham Əliyev bir daha diqqətə çatdırdı ki, Azərbaycan inkişaf edən, hüquqi demokratik dövlətdir. Ölkəmizdə ksenofobiya, etnik və dini ayrı-seçkilik yoxdur. Azərbaycan çox böyük regional və beynəlxalq layihələr həyata keçirir. Bu layihələr ətrafında olduqca geniş əməkdaşlıq platforması yaranıb. Ölkəmiz beynəlxalq dialoq və tərəfdaşlıq məkanına çevrilib. Azərbaycanın beynəxalq nüfuzu daim artır. Həyata keçirilən bu siyasət sayəsində regionumuzda sabitlik hökm sürür. Ona görə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi beynəlxalq hüquq və BMT Təhlükəzizlik Şurasının qətnamələri əsasında həll edilməlidir. Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı ən aktual beynəlxalq və regional problemlərin həlli ilə bağlı irəli sürülən rasional təkliflərlə yadda qalmaqla həm də Azərbaycanın mühüm və nüfuzlu tədbirdə ən yaxşı təqdimatı kimi səciyyəvi oldu”.