Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş məclisinin 72-ci sessiyası çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Əndrü Sxofer (ABŞ) və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişikin iştirakı ilə Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanla görüşüb.
XİN-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ətraflı fikir mübadiləsi aparıldı. Bu xüsusda, Ermənistan, Azərbaycan və həmsədrlər tərəfindən atılmalı olan addımlar nəzərdən keçirildi.
Görüş əsnasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifinə uyğun olaraq Ermənistan və Azərbaycan Prezidentlərinin görüşünün keçirilməsi ilə əlaqədar məsələlər müzakirə olundu.
Nazir Elmar Məmmədyarov münaqişənin həlli üzrə substantiv danışıqların davam etdirilməsi üçün həmsədrlər tərəfindən səsləndirilən bir sıra maraqlı təkliflərin Azərbaycan tərəfindən dəstəkləndiyini bildirdi.
Həmçinin, Elmar Məmmədyarov münaqişənin tezliklə həllinə nail olmaq üçün Azərbaycanın məntiqli danışıqlara daim hazır olduğunu bir daha vurğuladı.
21.35
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda görüşü keçirilir
Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşü keçirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev öz Tvitter səhifəsində bildirib.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilir.