27 Sentyabr 2017 09:15
1 304
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özünü Azərbaycan Kommunist Partiyasının ideoloji məsələlər üzrə katibi vəzifəsində təqdim edən Ədalət Abdinov bu dəfə Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanova qarşı iddialar irəli sürüb.

Teleqraf.com xəbər verir ki, Abdinov öz bloqunda yerləşdirdiyi məqaləsini Rauf Qurbanovun mətbuatda onların 26 Bakı komissarlarının məzarını ziyarət etməsinə dair fikirlərinə cavab olduğunu bildirib.

Ədalət Abdinov hesab edir ki, Rauf Qurbanov özünü kommunist partiyasının sədri sayırsa, demək, “26-lar”ın məzarını ziyarət etmək onun da borcudur: “Bu həm də o deməkdir ki, mediada onunla birlikdə danışan Sabir Rüstəmxanlının ziyarətçilər barəsində söylədiyi söyüş birbaşa ona da aiddir. Ancaq Rauf Qurbanov həmin anti-kommunist Rüstəmxanlıya cavab vermək əvəzinə, əqidəli kommunistləri hədəfə alıb. Məqsəd aydındır: kommunist ideallarına sadiq olanların cəmiyyətdə artan nüfuzuna zərbə vurmaqla mümkün olmayan özünütəsdiqi gözə soxmaq.

Vaxti ilə bu tip haqqında yazdıqlarımı təkrar etməyə məcburam. Yalançının istəyi yalana inandırıb aldatmaqdır. Ayıbları çöldə qalan Rauf Qurbanov mənim barəmdə paxıllıqdan doğan dəbdəbəli yalan uydurmaqla, içində şər dolu şeytan nehrəsi çalxalayıb. Yazıq zorən söylədiyi cəfəngiyata yəqin ki, heç özü də inanmır. Belə yerdə deyiblər ki, adam var, fitnənin əkiz qardaşıdır.

Kommunist Partiyası mənim üçün marksizm-leninizm klassiklərinin ənənələrinə sədaqət ocağıdır. Mətbuatda bir neçə şəxs özünü bu partiyanın rəhbəri kimi təqdim edirdi. Müşahidə və təhlillərimin nəticəsi belə oldu ki, iradəsiz və əməlsiz bu “rəhbərlər” kommunist hərəkatının əzablı yolunda çürük kötükdən savayı bir şey deyillər.

Bunlardan birini - Rauf Qurbanovu söhbətə dəvət etdim. Onun yazdıqlarının əksinə olaraq iki dəfə görüşümüz oldu və hər dəfə mənimlə söhbəti küçə səviyyəsindən o yana keçmədi. Mən anladım ki, sosial şəbəkədə özünü lider kimi sırıyan bu kəs şəxsi mənafeyinə xidmət edən cılız hislərlə müqəddəs kommunist ruhunda gizlənib. Onda kommunistə məxsus cəsarətli idrakdan əsər-əlamət yoxdur.

Mənim ünvanıma hərzəçilik edən bu şəxsin düşük arqumentinə baxın: guya məni partiyaya qəbul etməyib. Əvvəla, sən nə kərasən ki, partiyaya adam qəbul edəsən? İkincisi, sənin podratçı manqan nə vaxtdan partiya olub?!

Söylədiyi yalanın əndazəsini itirən gopçu deyir ki, guya biz bunun partiyası adında təşkilat yaratmışıq, tədbirlər keçiririk.

26 Bakı komissarların ziyarət etmək əməlimizi kommunist ideyalarına hörmətsizlik sayan bu tipin hansı əqidə sahibi olduğunu izaha ehtiyacı yoxdur. Sıralarında Məşədi Əzizbəyov olan komissarları zyarət etməyi təxribat adlandıran bu “blef” kommunist riyakar olduğunu bir daha təsdiq edir.

Tam əminəm ki, marksizm-leninizm fikrinin mahiyyətini özündə təcəssüm etdirmək qabiliyyətinə malik olmayan bu qondarma partiya “lideri” nəinki döyüşün ön sırasına çıxar, hətta döyüşün arxasında da fürsət tapan kimi qaçıb gizlənər.

Bu günlərdə olduğu kimi. Kommunistlər 26 Bakı komissarların məzarını ziyarət edib. Bu cür tədbirlərdə iştirak etmək əvəzinə qaçıb gizlənən Rauf Qurbanov anti-kommunistlərə dəstək olur.

Bəli, Rauf Qurbanov kimilərdən bizə heç vaxt yoldaş çıxmayıb və çıxmayacaq da. İşi-gücü məlumatı olmayanlara “Mən Azərbaycan Kommunist Partiyasının sədriyəm” yalanı üyütməkdir.

Bir daha qeyd edirəm ki, Rauf Qurbanov Azərbaycan Kommunist Partiyasının qanuni sədri deyil. Onda Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş Azərbaycan Kommunist Partiyasının nə nizamnaməsi, nə də şəhadətnaməsi var. Cibində gəzdirdiyi möhür də saxtadır.

Rauf Qurbanova bir daha xatırladıram ki, saxta iddia acizlik əlamətidir. Haqq-ədalət, doğruluq insana, fitnə-fəsad, yalan şeytana məxsusdur. Gözügötürməzlik, dargözlük edib anti-kommunistlərin mənə qarşı hücumundan haram xal qazanmaq üçün çeynənmiş sözlər üyütmək siyasi eybəcərlikdir. Bu və ya digər eybəcərliyi başına torba kimi keçirib kommunist hərəkatında əl-ayağa dolaşma”.


Müəllif: Cavad