Dünən İstanbulda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu “Müsəlman Gəncliyinin Durumu” adlı beynəlxalq konfrans keçirib.
Teleqraf.com xəbər verir ki, konfransda İƏT-ə üzv ölkələrin gənclərinin durumunu əks etdirən hesabatın təqdimatı da baş tutub.
Tədbirin rəsmi açılış mərasimində Azərbaycan, Turkiyə, Qətər, Fələstin dövlətlərinin gənclər və idman nazirləri, digər rəsmi qonaqlar çıxış edib.
Konfransda İƏT Gənclər Forumunun sədri Elşad İskəndərov islam dünyasının üzləşdiyi problemlərə diqqət çəkərək, bu problemlərin ilk qurbanlarının məhz gənclər olduğunu qeyd edib, həmin problemlərin həllinin müasir müsəlman gəncliyinin inkişafı, onların təhsil, işlə təmin olunma, iqtisadi müstəqillik perspektivlərinin genişləndirilməsindən keçdiyini bildirib.
Daha sonra İƏT Xarici İşlər Nazirləri Konfransının 44-cü sessiyasında İƏT Gənclər Forumunun təşəbbüsü ilə qəbul edilmiş qətnaməyə əsasən, ilk dəfə bu ildən etibarən 3 sentyabr tarixində qeyd olunmağa başlayan Gənclər Günü ilə bağlı üzv ölkələrdə keçirilmiş tədbirlərin xülasəsi də təqdim olunub.
Konfransda həmçinin bildirilib ki, Gənclər Günü tarixi 2006-cı ilin 3 sentyabrında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin birgə iştirakı ilə İstanbulda İƏT Gənclər Forumun Baş Qərargahının açılış mərasimi günü ilə əlaqədar seçilib.
İƏT Gənclər Forumunun sədri Elşad İskəndərov ilk Gənclik Gününün süarının 2017-ci ili “İslam Həmrəylik İli” elan edən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsünə dəstək olaraq “Fəaliyyətdə Həmrəylik” olduğunun qeyd edib.