Azərbaycanın dövlət bayrağı, dövlət himni və dövlət gerbi ilə bağlı Konstitusiya qanunlarına dəyişikliyin müzakirəyə çıxarılacağı ilə bağlı məlumat yayılıb.
Bildirilir ki, həmin dəyişikliklərə dair təkliflər Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işlər planına daxil edilib.
İşlər planında “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında”, “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” və “Azərbaycan Respublikasının Dövlət himni haqqında” qanun layihələrinə əlavə və dəyişikliklərin müzakirəsi yer alıb. Layihələrin məzmunu hələlik açıqlanmayıb.
İşlər planı MM-in payız sessiyasının oktyabrın 2-də keçiriləcək ilk plenar iclasında müzakirəyə çıxarılacaq.
Teleqraf.com məsələ ilə bağlı Milli Məclis üzvlərindən açıqlamalar alıb.
Deputat Tahir Kərimli deyib ki, bu layihələr haqqında onda informasiya yoxdur:
“Təmsil olunduğum Hüquq siyasəti və dövlət quruculuğu komitəsində bu istiqamətdə müzakirələr aparılmayıb. Güman etmirəm ki, belə bir dəyişiklik baş versin”.
Deputat Çingiz Qənizadə də deyib ki, dövlət atributları haqqında yeni qanun layihəsindən xəbərsizdir:
“Belə dəyişiklik nəzərdə tutulmur. Mən gün ərzində Milli Məclisdə oluram. Belə layihələr olsaydı, xəbərim olardı”.
Deputat Fazil Qəzənfəroğlu isə deyib ki, dövlət bayrağı, dövlət gerbi və dövlət himninin dəyişdirilməsi haqda informasiya həqiqəti əks etdirmir:
“Söhbət ondan gedir ki, dövlət atributların hər biri ilə bağlı qanun qəbul olunacaq və tənzimlənmə bu şəkildə aparılacaq. Konstutusiyamızda bu atributlarla bağlı müddəalar var. Ancaq onun tənzimlənməsi qəbul ediləcək qanunla həyata keçiriləcək. Söhbət atributların dəyişdirilməsindən getmir”.