28 Sentyabr 2017 08:59
1 263
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu ilə müsahibəni təqdim edir.

- Mirmahmud bəy, sentyabrın 20-də bir qrup kommunistin “26 Bakı komissarı”nın məzarını ziyarət etməsini necə qiymətləndirirsiniz?

- Nədənsə Yazıçılar Birliyinin yaxınlığında olan “26-lar” adlı kafeni görmək olur, amma bu məzarlığı gözə dəymir... Sanki elə adamlar var, “bəlkə də qaytardılar” düşüncəsi ilə hərəkət edir. Necə olur ki, 26 Bakı komissarı üçün simvolik məzar düzəldilir? Hacıbala müəllim nədən bunu görmür? Özü də Bakının rayonlarında torpağın ucuz olmadığı bir zamanda...

Moskvada Züqanov, Bakıda Tüqanov var. Rusiyadakı kommunistlərin sədri Züqanov, bizdəki kommunistlərin sədri isə Tüqanovdur. Hətta soyad baxımından da qafiyələnirlər, soyadlarında cəmi bir hərf fərqi var.

Rusiya Azərbaycanla bağlı niyyətlərini heç vaxt gizlətməyib.

Bu saat Bakının rayonlarında hər qarış torpaq uğrunda mübarizə gedir, alış-veriş, qiymət məsələsi var. Amma qəfildən Bakının rayonlarından birində torpaq ayrılır və kommunistlər də rəmzi olaraq “26-lar”ın məzarını ziyarət edir.

- Düşünürsünüzmü ki, bu addım ənənəyə çevrilə və hər il ziyarətlər təşkil edilə bilər?

- Biz bilmirik, ola bilsin ki, kommunistlərə komanda gəlib. Bunun nəticəsində uzun illər susanlar indi qəfildən hərəkətə keçərək ziyarətdə bulunurlar. Bunun başqa adı yoxdur.

- Ziyarətin təşkilatçısı Ədalət Abdinov deyib ki, onların ziyarəti niyə demokratlarda qıcıq, səs-küy yaratmalıdır... Axı, bu, qanunla qadağan deyil...

- Düzü, mən bu şəxsi tanımıram. Amma “səs-küy salmaq” ifadəsini səsləndirmək həmin şəxsin səviyyəsini göstərir. Həmin kommunist bilməlidir ki, biz şəhidlərimizi unutmamışıq və Azərbaycan Xalq Cümhuriyyətinin necə devrildiyini yaxşı bilirik. Bolşeviklərin hakimiyyəti necə əldə etmələrini də dəqiq xatırlayırıq.

Həmçinin 71 il ərzində də Azərbaycanda sovet hakimiyyətinin törətdiklərini heç kəs unutmayıb. Əgər kimsə unudubsa, özü bilər. Ola bilər, barmaqla sayılacaq qədər ailələr olub ki, repressiyaya uğramayıb. Hərçənd mən buna inanmıram.

Görünür, bu düşüncədə olan insanların babaları azərbaycanlıları repressiyalara uğradanların dəstəsində olub. Bizim mövqeyimiz konkretdir. Hələ kommunistlər şükür etsinlər ki, demokratlar onları Azərbaycandan öz metodları ilə yola salmayıblar.

- Siz “26-lar”ın məzarını həmin yerdən götürülməsini təklif edirsiniz?

- Yox. Bu məzarların silinməsi doğru deyil. Nəzərə alın ki, biz ölülərlə mübarizə aparmırıq. Onlar işlərini görüblər, missiyalarını yerinə yetiriblər, bizim dədə-babamızı qətl ediblər, Azərbaycanda hakimiyyəti qəsb ediblər. İndi də nəvə-nəticələri cücərməyə başlayıb.

Ancaq məzarla bağlı nə bütpərəstliyə ehtiyac var, nə də onların məzarlarını köçürməyə. Baxmayaraq ki, bolşeviklər vaxtında özləri bunu ediblər. Zamanında onlara qarşı mübarizə aparan kəndləri yandırır, daha sonra məzarlıqda daxil olmaqla hər yeri şumlayır və tarixi silirdilər.

Bakıda Çəmbərəkənd qəbiristanlığı kimi yeri şumlayıb üstündə Kirovun heykəlini qoymuşdular.

O şəhidlərin məzarını şumlayıblar ki, indi biz 31 martda soyqrım tarixini qeyd edirik. Hesab edirəm ki, biz onların metodlarından istifadə etməli deyilik. Qoy məzarları qalsın, kim də istəsə gedib hikkəsini, etirazını bildirsin.

- Sizcə, bu kimi mövzuların sol partiyalarla sağ partiyalar arasında dəyirmi masa şəklində müzakirəsinə ehtiyac varmı?

- İstənilən məsələni dəyirmi masada müzakirə etmək olar. Ancaq sollarla sağların bir arada olması normal siyasi mühitdə mümkündür. Siyasi mühit olmasa belə, hamı biri-birinin xeyir və yas mərasimlərində iştirak edir. Bir məsələ də var. Azərbaycanda nə ideoloji, nə siyasi, nə də məzhəb zəmnində qarşıdurma yaratmaq mümkün deyil. Əlbəttə, bəzən kimlərinsə ağzından avaz gələ bilər. Lakin bunu etmək mümkün deyil.

- Şimali İraq Regional Muxtariyyəti referendum keçirdi. Sizin bununla bağlı mövqeyiniz nədən ibarətdir?

- Bizim mövqeyimiz partiyanın bəyanatında qeyd edilib. Hesab edirəm ki, bu, yanlış addım olmaqla bərabər, Azərbaycan və Türkiyəyə qarşıdır. Üstəlik, bizdə ayrı-ayrı şəxslər buna dəstək verir. Ən qəribəsi budur ki, bütün dünya buna qarşıdır, amma həm də bu prosesə dəstək verirlər. Aparıcı dövlətlər öz layihələrini həyata keçirməyə çalışır. Yeni terror dövləti, müharibə ocağı hazırlanır. Bu da müsəlmana, türkə və bütövlükdə insanlığa qarşıdır.

- Bu dövlətin yaranması hansı təhlükələrə səbəb ola bilər?

- Bu təhlükə bütövlükdə Yaxın Şərqə ünvanlanıb. Mənzərə ortadadır, müəllifləri bəllidir. Uzun illərdir addım-addım bu layihəni reallaşdırırlar. Türkiyənin indiki iqtidarının da bu məsələdə kifayət qədər məsuliyyəti var. Bu, həm də yürüdülən yarıtmaz siyasətin nəticəsində meydana çıxıb. Zamanında bu məsələlərlə doğru-dürüst məşğul olunmadı. Bu layihə təkcə türkə, kürdə, ərəbə və yaxud bəluca qarşı deyil. Bu hamıya qarşı oyundur.

- Sizcə, bölgədə yaşayan türkmənlərin bundan sonrakı taleyi necə olacaq?

- Bizdə dissertasiya yazanda, mövzu götürəndə, elmi dərəcə almaq istəyəndə türkmənlər yada düşür. Qan qardaşlarımızdır, dilimiz eynidir və sair deyirik. Amma konkret addıma gələndə hamı geri çəkilir. Alimlərimiz deyir ki, baxın görün dilimiz nə dərəcədə yaxındır, eyni dildə danışırıq, Füzuli də bu dildə yazırdı və s. Amma siyasətdə Kərkük gecələri keçirməkdən uzağa gedə bilmirik. Onların taleyi və ümidi Allaha qalıb. Təəssüf ki, türk dünyası onlara sahib çıxmadı. Buna rəğmən, itin sahibi varsa, qurdun da Allahı var.


Müəllif: Cavad

Oxşar xəbərlər