25 İyul 2014 17:40
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putinin keçmiş müşaviri Andrey İllarionov Donetsk səmasında vurulan Boinq-777 təyyarəsi ilə bağlı şok açıqlamalar verib.

Teleqraf.com axar.az-a istinadən xəbər verir ki, İllarionov təyyarənin vurulmasını planlaşdırılmış terror aksiyası kimi qiymətləndirib.

Onun sözlərinə görə, təyyarəni vuran “Buk” Pervomayskoe və Krasnıy Oktyabr qəsəbələrinin yaxınlığında yerləşdirilib. Həmin ərazilərə isə qondarma Donetsk Xalq Respublikası separatçıları nəzarət edirdi: “Buk-M1” zenit-raket kompleksi (ZRK) həmin gün döyüş hazırlığı vəziyyətinə gətirilib. ZRK-nın şəxsi heyətini isə hazırda Rusiya ordusunda xidmət edən hərbçilər təşkil edib. Atəş əmri isə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahından gəlib. Bu raketin əsas xüsusiyyətlərindən biri odur ki, ondan yanlış atəş açmaq olmur. Əksər insanlar elə fikirləşir ki, təyyarə təsadüfən vurulub və onun yerinə Ukraynanın An-24 təyyarəsi vurulmalı imiş. Lakin An-24 və Boinq-777 taktiki-texniki xarakteristikalarına nəzər saldıqda aydın olur ki, bu iki təyyarəni bir-birilə qarışdırmaq qeyri-mümkündür”.

“Niyə məhz MH17?” – İllarionov sual qoyur və cavab verir: “Həmin vaxt raketin atıldığı istiqamətdə çoxlu sərnişin təyyarələri uçurdu. Hadisədən 20 dəqiqə əvvəl Münhen-Dehli, 1 dəqiqə əvvəl isə Kopenhagen–Sinqapur reysi o istiqamətdən uçmuşdu. Lakin məhz MH17 reysi seçildi. Çox düşünülmüş plan idi. Bunun həyata keçirilməsi üçün ilk növbədə cənub və şərq istiqamətində uçan Rusiya, MDB ölkələri, ABŞ, Almaniya, Fransa və digər ölkələrin təyyarələri ayrılmalı idi. Qurban olaraq ya Varşava, ya da Amsterdam istiqamətində uçan təyyarə seçilməliydi. Varşavadan gələn təyyarənin vurulması polyaklara qarşı növbəti terror aksiyası törətdiyi üçün Kreml rəhbərliyini çətin vəziyyətdə qoya bilərdi. Geridə isə bir reys qalırdı – Amsterdamdan uçan MH17. Adətən onun marşrutu cənub istiqamətindən keçir. Rusiya hökuməti həmin istiqamətdə 12 hava dəhlizini bağlayaraq pilotlara yalnız Torez və Snejnoye istiqamətini saxlayıb. Orada isə təyyarəni “Buk-M1” zenit-raket kompleksi gözləyirdi”.

İllarionov bildirib ki, planın əsl məqsədi məhv edilməkdə olan “Novorossiya layihəsi”ni xilas etmək olub: “Rusiya ikinci Krım əldə etməyə ümid edirdi, lakin Ukrayna ordusunun güclü müqaviməti ilə qarşılaşdı. “Novorossiya layihəsi”nin xilası üçün Ukrayna ordusunun ölkənin şərqində hərbi əməliyyatlarını dayandırmaq lazım idi. İyulun 17-dək müxtəlif variantlar tətbiq olunmuşdu: separatçıların hərbi müqaviməti, diplomatik təzyiq. Lakin bütün bunlar yetərsiz idi. Avropa cəmiyyətini şoka salıb, onları Ukrayna hakimiyyətinə təzyiq edərək ölkənin şərqindəki hərbi əməliyyatları dayandırmağa səsləyən bəyanatlar verməyə məcbur edə biləcək yeni üsul lazım idi. ”Amsterdam reysi” əməliyyatının uğurla başa çatmasından sonra “Sülhməramlı” əməliyyatının həyata keçirilməsinə başlandı. Terror aksiyasından sonra “Sülhməramlı” əməliyyatının müəllifi (Vladimir Putin nəzərdə tutulur - red) ABŞ prezidenti Barak Obama ilə əlaqə saxlayaraq onu faciə ilə bağlı məlumatlandırdı. Son günlər onun bütün fəaliyyəti (müxtəlif ölkələrin liderləri ilə telefon danışıqları, çıxışlar, 1 dəqiqəlik sükut) Ukrayna tərəfinin hərbi əməliyyatları dayandırmasına yönəlmişdi. Artıq Avropa və ABŞ ictimaiyyəti öz hökumətlərindən Ukraynada hərbi əməliyyatların dayandırılması istiqamətində addımlar atmağı tələb edirdi. Çoxları təyyarənin vurulmasında separatçıları günahlandırırdı. Lakin faktlar ortaya çıxandan sonra məlum oldu ki, onların özlərini də məcbur ediblər. MH17 separatçılar tərəfindən vurulmayıb. Bezlerin (separatçıların lideri) hesabatı qəsdən verilmişdi ki, Ukrayna Təhlükəsizlik Xidməti onun səsini tutsun və dünyaya çatdırılsın ki, təyyarəni Rusiya yox, separatçılar vurub. Amma Bezlerin özü onun Moskvadakı kuklaoynadanından fərqli olaraq sərnişin təyyarəsinin vurulmasından şoka düşmüşdü”.


Müəllif: