26 İyul 2014 11:31

Ötən gün ermənilərin atəşkəsi pozması nəticəsində yaralanmış Tovuz rayon sakini, 1997-ci il təvəllüdlü Fərid Məmmədov əməliyyat olunmaq üçün Bakıya gətirilib.

Səhiyyə naziri Oqtay Şirəliyevin təlimatı ilə xüsusi ambulans helikopterlə Bakıya gətirilən F.Məmmədov Kliniki Tibbi Mərkəzdə yerləşdirilib.

Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini Adil Salahov bildirib ki, dünən gecə saatlarında xəstəxanaya gətirilən gənc Üz-çənə cərrahiyyəsi şöbəsində yerləşdirilib: “Bu gün səhər 10-da özüm yaralının səhhəti ilə maraqlanmışam. Onun rayonda qanaxmasını kəsiblər, burada da qanaxması yoxdur. Lazımi ilkin tibbi yardım göstərilib. Hazırda xəstənin vəziyyəti stabildir, danışır. Güllə burnundan girib, çənənin qırağında qalıb. Fərid Məmmədovun əməliyyat olunması üçün respublikanın baş üz-çənə cərrahı, professor Çingiz Rəhim oğlu Rəhimov çağırılıb. Hazırda Fərid Məmmədov əməliyyata hazırlanır və yaxın saatlarda əməliyyat olunacaq”.

Qeyd edək ki, ötən gün Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib. Axşam saatlarından başlayaraq Tovuz rayonunun Əlibəyli kəndi Ermənistan silahlı birləşmələri tərəfindən intensiv atəşə tutulub. Nəticədə kənd sakinləri 1997-ci il təvəllüdlü Fərid Nəbi oğlu Məmmədov və 1962-ci il təvəllüdlü Anya Qara qızı Ələkbərova yaralanıblar. Onlar Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Fərid Məmmədov çənəsindən dəyən güllə yarası onun üz nahiyəsini dağıdıb. O, vəziyyəti ilə əlaqədar Bakıya gətirilib.

/APA/


Müəllif:
Загрузка...