10 Oktyabr 2017 14:55
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hiss olunur ki, Ukrayna Prezidenti Petro Poroşenko Türkiyə ilə mümkün olan bütün sahələrdə əməkdaşlığa can atır və bu mənada Türkiyə-Rusiya əməkdaşlığından geri qalmaq istəmir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, buna nail olmaq çətindir: “Çünki Rusiyanın xarici siyasət və təhlükəsizlik siyasətinin qatı tənqidçilərindən olsam da, bu dövlətin Türkiyə ilə əməkdaşlığındakı potensialın Ukraynanın potensialını dəfələrlə üstələdiyini vurğulamaq məcburiyyətindəyəm. Məsələn, Rusiya Türkiyədə dəyəri on milyardlarla dollar həcmində atom elektrik stansiyası tikəcək. Ukraynanın oxşar investsiya imkanları yoxdur”.

Elxan Şahinoğlu qeyd edib ki, buna baxmayaraq Türkiyə bütün yumurtaları eyni səbətə yığmamalı, Rusiya ilə böyük ortaq layihələrin olmasına rəğmən, Ukrayna ilə əməkdaşlığın bütün sahələrində irəliləyiş əldə etməyin hesablarını diqqətə almalıdır: “Ukrayna böyük bazardır, Türkiyə şirkətləri üçün bu bazarda böyük imkanlar var. Prezidentlər Kiyevdəki görüşdə qarşılarında böyük hədəf qoydular: iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 10 milyard dollara çatdırılmalıdır.

Ərdoğanın Ukraynaya səfərinin nəticəsi olaraq Kiyevdə Yunus Əmrə Mədəniyyət Mərkəzi fəaliyyətə başlayacaq. Ümumiyyətlə prezidentlər Kiyevdə 9 saziş imzaladılar”.

Politoloq qeyd edib ki, Krım Ukrayna qədər Türkiyə üçün də qırmızı xətdir, Ankara yarımadanın Rusiyaya məxsusluğunu heç zaman qəbul etməyəcək: “Bunu Türkiyə Prezidenti Kiyevdə bir daha təkrarladı, ayrıca ortada hər iki dövləti dərin tellərlə bağlayan Krım türkləri amili var.

Bu arada, Ukrayna xarici işlər naziri Pavlo Klimkinlə Bakıda fikir mübadiləsi zamanı Ukrayna-Türkiyə-Azərbaycan üçtərəfli formatının yaradılması ilə bağlı fikilərin də qısa zamanda reallaşmasını gözləyirəm”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 9-da Kiyevdə rəsmi səfərdə olub.


Müəllif: Səxavət