7 Noyabr 2017 11:40
10 669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev noyabrın 6-da Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb.

Teleqraf.com-un məlumatına görə, səhmləri dövlətə məxsus olan Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin yaradılmasında məqsəd dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaqdan ibarətdir.

Dövlət başçısının imzaladığı digər iki sərəncamla Kamran Telman oğlu Nəbizadə Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru, Natiq Ərziman oğlu Əmirov isə Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilib.

Teleqraf.com bildirir ki, Milli Məclisin V çağırış deputatı Kamran Nəbizadə 5 fevral 1971-ci ildə Bakı şəhərində tanınmış neftçi Telman Nəbiyevin ailəsində anadan olub. 1987-ci ildə Bakı şəhəri 6 saylı orta məktəbi bitirib, həmin il Lomonosov adına Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə daxil olub və 1992-ci ildə həmin universiteti “iqtisadiyyatçı”, “maliyyə mütəxəssisi” ixtisası üzrə bitirib. Daha sonra Türkiyənin “Garanti Bankası”nda ezamiyyət keçib.

1993-cü ildən 1998-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsində maliyyə xidmətinin rəisi vəzifəsində çalışıb.

1998-ci ildən 2003-cü ilə qədər “LUKoil Marine İnternational” şirkətinin vitse-prezidenti olub.

2001-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının Xarici İqtisadi Əlaqələr fakültəsini “Dünya iqtisadiyyatı üzrə mütəxəssis” ixtisası üzrə bitirib.

2003-2006-cı illərdə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətində məsul vəzifələrdə çalışıb.

2006-cı ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

2015-ci il noyabr ayının 1-də 107 saylı Qazax seçki dairəsindən Milli Məclisin deputatı seçilib. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, Gənclər və idman komitəsinin, həmçinin, İntizam Komissiyasının üzvüdür. Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəridir. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

İqtisadiyyat üzrə fəlsəfə doktorudur. Siyasi mənsubiyətinə görə bitərəfdir.

Ailəlidir, 3 övladı var.


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər