9 Noyabr 2017 08:39
1 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanında baş verən prosesləri “daxili yenilənmə” kimi də qəbul etmək olar.

Teleqraf.com xəbər verir ki, bunu “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu bildirib.

O qeyd edib ki, Səudiyyə Ərəbistanı bu yenilənməyə getməyə məcbur idi, çünki bölgədə baş verənlər fərqli çıxış yolu qoymurdu:

“Dəyişikliyin əsası isə hələ iyun ayında qoyulmuşdu. Həmin vaxt Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz əl-Səud şahzadə Məhəmməd bin Naifi vəliəhdlikdən uzaqlaşdırdı və yerinə 32 yaşlı oğlu Məhəmməd bin Salmanı təyin etdi. Xatirinizdədirsə, elə o vaxt da birmənalı şəkildə vurğulamışdıq ki, vəliəhdin dəyişməsi Səudiyyə Ərəbistanının regionda baş verən proseslərə daha çevik və hətta sərt münasibət göstərəcəyinin əlaməti kimi qiymətləndirilə bilər.
Məhəmməd bin Salman İrana qarşı daha sərt mövqeyi ilə seçilən bir vəliəhddir. Qətər böhranının davam etdiyi və Səudiyyə Ərəbistanı ilə İranın münasibətlərinin daha kəskin şəkil aldığı bir vaxtda vəliəhdin dəyişməsi sıradan bir hadisə deyildi. Yəni, bunu yalnız ailədaxili rəqabət kimi qiymətləndirmək olmazdı. Bu, həm də islam ümmətinin içində ciddi siyasi və ideoloji gücü və dayaqları olan bir ölkənin xarici siyasətinin dəyişəcəyi ilə bağlı ciddi mesaj idi. Bu, ilk növbədə İrana münasibətdə özünü göstərəcəkdi. Belə də oldu”.

V.Zifəroğlu bildirib ki, regionda itirilmiş mövqelərin qaytarılmasını hədəfləyən sərt xarici siyasət kursunun davamlı və əsaslı olmasını şərtləndirən ən vacib məqam, heç şübhəsiz, daxildə münbit mühitin təmin edilməsidir:

“Beləliklə, Məhəmməd bin Salmanın “korrupsiya ilə mübarizə kampaniyası” start götürmüş oldu; 10 şahzadə və 12 keçmiş nazir həbs edildi. Həbs edilənlər arasında istər hərbi dairələrdə nüfuzu (Milli Qvardiya naziri, şahzadə Mitəb ibn Abdullah və Hərbi-Dəniz Donanmasının komandanı, admiral Abdullah bin Sultan bin Məhəmməd əl-Sultan), istərsə də ciddi kapitalı olan (Vəlid bin Talal, Məhəmməd əl-Amudi, Saleh Kamil, Süleyman əl-Rajhi, Bəkr bin Ladi) şahzadələr, yəni həm də taxta gedən mürəkkəb yolda rəqiblər mövcuddur. Bu azmış kimi vertolyot qəzasında ölən şahzadə (Mənsur bin Muqrin), onu həbs etməyə gələn təhlükəsizlik qüvvələri ilə mühafizəçilər arasında çıxan qarşıdurma zamanı öldüyü bildirilən şahzadə (Əbdüləziz bin Fəhd) də var. Bütün bunların fonunda Amerikanın dövlət orqanları, xüsusilə də hərbi və kəşfiyyat strukturlarının hər zaman dəstəyini qazanmış məhşur “Vaşinqton Post”da vurğulanır ki, ibn Salman yeni ölkə yaratmaq niyyətindədir”.

Analitik bildirib ki, hazırda Səudiyyə Ərəbistanında baş verənləri belə xarakterizə etmək olar:

“Bu ölkədə ənənəvi idarəetmə sistemi tamamilə sıradan çıxarılır, şahzadə ailədəki siyasi rəqiblərini sürətlə zərərsizləşdirərək, icraedici hakimiyyəti ələ keçirir və öz sistemini formalaşdırır”.

V.Zifəroğlunun sözlərinə görə, şübhəsiz ki, amerikalıların baş verən dəyişiklikləri dəstəkləməsi ön plandadır:

“Tramp vəliəhdi öyərək təqdim edir. Amerikalılar qarmaqarışıq Yaxın Şərqə yeni siyasi lider və ölkə hazırlamaqdadırlar. Şahzadə Məhəmməd təqribən 20 gün əvvəl “Qardian” qəzetinə müsahibəsində bildirib ki, Ərəbistan vaxtilə olduğu kimi mülayim, bütün dünyaya və dinlərə açıq olan islama qayıdır. Əslində şahzadənin ölkənin “mülayim islama keçəcəyi” barədə çıxışı yeni imicin vacib elementidir. Təbii ki, bu imici möhkəmlətmək üçün icraatlar da var: uzun illərdən sonra qadınlara seçkilərdə iştirak hüququ verilir, qadınların avtomobil sürməsinə icazə verilir və sair”.

V.Zifəroğlu daxildə gedən bu dəyişikliklərin istər-istəməz öz xarici təsirlərini də göstərmiş olduğunu vurğulayıb:

“Səud sülaləsi daxilində korrupsiya həbslərinə paralel olaraq İranın dəstəklədiyi husilər Yəməndən Səudiyyə Ərəbistanına ballistik raket “yollayırlar”. Bütün bunlar Livanın Baş naziri Saad Həririnin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda istefa verdiyini açıqlaması, İranın bölgədəki siyasətini və Livandakı “Hizbullah” hərəkatını ciddi tənqid etməsi, rəsmi Tehranı ərəb ölkələrinin daxili işlərinə qarışmaqda ittiham etməsi fonunda baş verir. Ən maraqlısı bütün bunlardan sonra, Qətər böhranından bu yana Yaxın Şərqin az qala “boz kardinalı” funksiyasını yerinə yetirməkdə olan livanlı eks-baş nazir Birləşmiş Ərəb Əmirliklərinə yola düşür. Bu həmin BƏƏ-dir ki, Qətər böhranında da bütün ipləri öz əlində cəmləşdirmişdi və Amerikanın ərəb dünyasında faktki olaraq ciddi strateji müttəfiqi hesab edilir”.

Ekspert bu fikirdədir ki, əslində, ilk baxışda “ərəb saçı” kimi qarışıq olan son hadisələr regionda yeni siyasi dövrün başlanğıcının göstəriciləridir:

“Bölgədə mövqelərini gücləndirməyə müvəffəq olan İran, eləcə də son manevrləri ilə üstünlüklər əldə etmiş Türkiyəyə, həmçinin, islam sivilizasiyasında ənənəvi ümmət rəqabətində ərəb dünyası tərəfindən birmənalı dəstəklənməsi gözlənilən Səudiyyə Ərəbistanı yenilənmiş şəkildə meydana çıxmaqdadırlar. Bu rəqabət şəraitində həm “şiə inqilabı”nın ixracatçısı olan İran, həm neo-osmançılıq vurğusuna üstünlük verən Ankara, həm də neo-xilafət ənənəsini ortaya qoyan “peyğəmbər əmanətinin qoruyucusu” Səudiyyə Ərəbistanı özünü təsdiq edə bilməlidir. Təbii ki, Qərbə yönəlik mesaj da var: mülayim islam”.


Müəllif: Sәxavәt