13 Noyabr 2017 14:20
1 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maliyyə nazirinin müavini Azər Bayramov bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Mədəniyyət komitələrinin birgə iclasında büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı millət vəkillərinin təklif və iradlarına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, A. Bayramovun sözlərinə görə, əlavə mənbə olmadan hər hansı xərcin artırılması mümkün deyil: "Burada Arif Rəhimzadə bələdiyyələrə ayrılan vəsaitin bir qisminin subvensiya formasında verilməsi ilə bağlı konstruktiv təklif verdi. Ayrılan vəsaitlər çərçivəsində xərclərin daha optimal xərclənməsi arzuolunandır və bu sahədə istənilən fikri müzakirə etməyə hazırıq. Biz ayrılmış vəsaitlərin nəticəyönümlü olmasının tərəfdarıyıq".

Nazir müavini büdcənin sosialyönümlü olmaması ilə bağlı fikirlərlə razılaşmadığını deyib. O bildirib ki, 2018-ci ilin dövlət büdcəsinin 36,6%-i sırf sosialyönümlü vəsaitlərdir: "Hətta investisiya üçün ayrılmış vəsaitlər 1 milyard 200 milyon manat təşkil edir. İnvestisiyaya yönəldilən vəsait sırf sosialyönümlü hesab olunmalıdır. Çünki investisiya xərclərinin artırılması yeni müəssisə və yeni iş yerlərinin açılması deməkdir".

A. Bayramov bildirib ki, 2018-ci ilin dövlət büdcəsində yanacaq, benzin və işığa görə ayrılan xərclərin artırılması gələcəkdə qiymət artımının olacağı demək deyil: "Bu xərclərin artımı artıq baş vermiş qiymət artımının büdcədə nəzərdə alınması deməkdir. Bildiyiniz kimi, bu yaxınlarda qiymət artmışdı. 2017-ci ilin büdcəsi həmin dövrdə qəbul edilmişdi. 2017-ci ildə bu məbləğlərin təşkilatlar üzrə həyata keçməmişdi".

O əlavə edib ki, təmsil etdiyi nazirlik millət vəkilləri tərəfindən səslən fikirlərin büdcə layihəsində nəzərə alınmasına çalışacaq. /APA/


Müəllif: Teleqraf.com