13 Noyabr 2017 20:03
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Pakistan İslam Respublikasının “Nyus” nəşrinə müsahibə verib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, Aydın Əliyev müsahibədə Azərbaycan-Pakistan münasibətləri, o cümlədən iki ölkənin gömrük xidmətləri arasında əməkdaşlıq əlaqələrinin hazırkı səviyyəsi və perspektivləri barədə fikirlərini bölüşüb. Komitə sədri Azərbaycan Gömrük Xidmətinin fəaliyyəti barədə də danışıb.

Müsahibədə vurğulanıb ki, Azərbaycanın bütün sahələrdə əməkdaşlıq əlaqələrinin ildən-ilə inkişafına xüsusi önəm verdiyi ölkələrdən biri də Pakistan İslam Respublikasıdır. Bu ilin iyun ayında iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin tamam olduğu və diplomatik münasibətlərin uğurla qurulmasında xalqlarımızın tarixi bağlılığının da mühüm rol oynadığı bildirilib.

Aydın Əliyev xatırladıb ki, Pakistanın hələ orta əsrlərdə dünya ticarət mərkəzlərindən biri olan Multan şəhərindən Azərbaycana, xüsusilə Bakı şəhərinə tacirlər səfər ediblər. Təxminən beş yüz il öncə Bakı hökmdarları Multan tacirləri üçün karvansara - Multan karvansarası inşa etdirib. O vaxtlar Multandan olan tacirlər bu günədək adını qoruyub saxlamış karvansarada qalaraq, buranın əvəzolunmaz qonaqpərvərlik imkanlarından istifadə ediblər. Multan karvansarası dəyərli mədəni və tarixi irs kimi hazırda Azərbaycan hökuməti tərəfindən mühafizə edilir.

“Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Pakistan həmçinin, Azərbaycanda səfirliyini açan ilk ölkələr sırasındadır”, - deyə müsahibədə bildirən DGK sədri onu da əlavə edib ki, ölkələrimiz arasında münasibətlər inkişaf edir, beynəlxalq məsələlərdə hər iki ölkə bir-birinin mövqeyini dəstəkləyir.

Qeyd edilib ki, bu əlaqələrin inkişafında Azərbaycan və Pakistan rəhbərlərinin xüsusi rolu olub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan-Pakistan münasibətlərinə misilsiz töhfələr verib. Heydər Əliyevin 1996-cı ilin aprelində Pakistana tarixi rəsmi səfəri və səfər zamanı imzalanan sənədlər toplusu ölkələrarası münasibətlərin bazasını təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana rəsmi səfəri, eləcə də sonrakı illərdə Azərbaycan və Pakistan rəhbərləri arasında baş tutan görüşlər bu əlaqələri daha da gücləndirmək baxımından uğurlu olub.

Pakistanın Azərbaycan torpaqlarını işğal edən Ermənistanı bir dövlət kimi tanımamasının Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyi, Azərbaycanın da hər zaman Pakistanın yanında olduğu, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Kəşmir məsələsi üzrə beynəlxalq forumlarda Pakistanın mövqeyini müdafiə etdiyi bildirilib.

Aydın Əliyev onu da əlavə edib ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilən humanitar və sosialyönümlü layihələr xalqlarımız arasında mövcud qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfə verir və bu layihələr gələcəkdə də davam etdiriləcək.

Azərbaycan və Pakistan gömrük xidmətləri arasında əməkdaşlıq əlaqələrinə toxunan DGK sədri öncə diqqətə çatdırıb ki, iki ölkə arasında möhkəm siyasi münasibətlərlə yanaşı, iqtisadi-ticari və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial və imkanlar var.

“İndi qarşıda duran əsas vəzifələr sırasında ikitərəfli iqtisadi münasibətləri də strateji tərəfdaşlıq səviyyəsinə çatdırmaq, bu istiqamətdə əməkdaşlığı genişləndirməkdir. Bu baxımdan, iqtisadi-ticari əlaqələrin inkişafı, birgə müəssisələrin təsis edilməsi, eləcə də investisiyaların cəlbi, nəqliyyat layihələrinə qoşulma və sair məsələlərə çox diqqət yetirməli, çox geniş və səmərəli əməkdaşlıq aparmalıyıq. Ümidvaram ki, Azərbaycan və Pakistan rəhbərlərinin səmimi dostluq münasibətləri əlaqələrimizin bütün sahələrdə dərinləşməsinə xüsusi təkan verəcək”, - deyə Aydın Əliyev müsahibədə bildirib.

Azərbaycan və Pakistan gömrük xidmətləri arasında əməkdaşlıq əlaqələrinə gəlincə, diqqətə çatdırılıb ki, hələ 2004-cü il iyulun 8-də Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Saziş imzalanıb. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Pakistan İslam Respublikasının Federal Gəlirlər Bürosu gömrük hüquqpozmaları, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə, gömrük işinin təşkili və digər sahələrdə qarşılıqlı əməkdaşlıq edir. Hazırda bu əlaqələri qarşılıqlı maraq doğuran bütün sahələrdə dərinləşdirmək zəruridir.

Müsahibədə müstəqil Azərbaycan gömrüyü haqda ayrıca məlumat verən Aydın Əliyev bildirib ki, Dövlət Gömrük Komitəsinin əsası 1992-ci il yanvarın 30-da qoyulub. Onun gəlirlərin toplanması, gömrük nəzarəti və hüquq-mühafizə fəaliyyəti kimi ənənəvi gömrük, eləcə də gömrük sərhədində baytarlıq, sanitar və fitosanitar funksiyaları vardır. Hüquqi bazaya ölkə Konstitusiyası və qanunları, Prezidentin sərəncam və fərmanları, Gömrük Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Azərbaycanın tərəfdar olduğu beynəlxalq sazişlər və digər hüquqi aktlar daxildir.

Qeyd edilib ki, bu gün Azərbaycanın bütün gömrük-sərhəd buraxılış məntəqələri yenidən qurularaq ən müasir yoxlama avadanlıqları ilə təchiz edilib. Bundan əlavə, ölkənin bütün gömrük ərazilərində gömrük hüquq-mühafizə və mobil bölmələri, eləcə də “Hədəf” mərkəzi fəaliyyət göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin həyat fəaliyyətinin bütün sahələrində, o cümlədən gömrük xidmətində inkişafa nail olunub. Ölkəmizdə aparılan dərin islahatlar gömrük sistemində də müsbət dəyişikliklərə səbəb olub. Azərbaycan Prezidentinin hərtərəfli dəstəyi sayəsində gömrük xidməti qarşıdakı tapşırıqlar və yeni çağırışlara uyğun olaraq daim dəyişir. Azərbaycan Gömrük Xidmətinin ən sonuncu Gömrük Məcəlləsi 2011-ci ildə qəbul edilib və 2012-ci ildə qüvvəyə minib. Həmin Məcəllə ÜGT-nin Kioto Konvensiyası və Avropa İttifaqının gömrük qanunvericilik normaları daxil olmaqla qabaqcıl gömrük təcrübələri və standartları əsasında tərtib edilib.

Daha sonra məlumat verilib ki, idxal və ixrac əməliyyatlarının asanlaşdırılması üzrə atılan mühüm addımlardan biri sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin daşınması məqsədilə “Yaşıl dəhliz” və digər sürətli keçid sistemlərinin tətbiqidir. Gömrük bəyannaməsinin təqdim edilməsi daxil olmaqla bir çox gömrük xidmətləri elektron əsasda göstərilir, eyni zamanda, ÜGT-nin Malların Buraxılış Vaxtının Ölçülməsinə dair Təlimat metodologiyasından istifadə etməklə, Malların Buraxılış Vaxtının Ölçülməsi layihəsi hazırlanıb və Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə inteqrasiyası təmin edilib. Layihə gömrük prosedurlarındakı və mallar və nəqliyyat vasitələrinin sərhəd boyu hərəkətindəki boşluqları müəyyən etməyə imkan yaradır.

Azərbaycanın gömrüklə əlaqəli bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsi barədə də danışan Aydın Əliyev qeyd edib ki, Azərbaycan Gömrük Xidməti bir sıra beynəlxalq və regional təşkilatların üzvüdür, o cümlədən ÜGT ilə fəal əməkdaşlıq edir. Azərbaycanda ÜGT-nin üç regional strukturu - Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Ofisi və Kinoloji Mərkəzi yerləşir. Bakı şəhərində ÜGT-nin Konteyner və Karqo üzrə Təlim Mərkəzi, bundan başqa, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Regional Ofisi də fəaliyyət göstərir.

Müsahibənin sonunda Dövlət Gömrük Komitəsinin sədri ümidvar olduğunu bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı Gömrük Xidməti Rəhbərlərinin iclasında iştirak etmək üçün Pakistana edəcəyi səfər ölkələrimizin gömrük xidmətləri arasında da əlaqələrinin bütün sferalarda uğurla inkişafına xidmət edəcək. Eyni zamanda, bu səfər iki ölkə arasında münasibətlərin daha da inkişafına, xalqlarımız arasında tarixən mövcud olmuş əlaqələrin bundan sonra da genişlənməsinə töhfəsini verəcək.


Müəllif: Teleqraf.com