14 Noyabr 2017 19:58
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 13-də Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşünü əhəmiyyətli adlandırmaq çətindir. Çünki Ərdoğan beynində tutduğu məsələlərin həllində Putindən razılıq almadı.

Teleqraf.com xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin görüşün yekunlarına dair hazırladığı analitik yazıda öz əksini tapıb.

Qeyd olunur ki, iki prezident mətbuat konfransında iqtisadi və ticarət əməkdaşlığının uğurla inkişafından, regional layihələrdən danışdılar:

“Ancaq iki ölkə arasındakı bu məsələlər əvvəldən yoluna qoyulub və bunun üçün ayda iki dəfə görüşməyə ehtiyac yoxdur. İşlər öz axarı ilə davam edir, “Türk axını” Qara dənizin dibinə döşənir və qrafiki qabaqlayır, Rusiya Türkiyədə atom elektrik stansiyasının tikintisinə hazırlaşır, Rusiya bazarı Türkiyə pomidorları üçün açılıb və sair.

Məsələ burasındadır ki, Ərdoğan Putinlə bu dəfə tamam fərqli mövzuları müzakirə etmək istəyirdi.

Birincisi, Türkiyə Prezidenti hələ bir həftə əvvəl demişdi ki, Rusiya Prezidenti ilə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etmək istəyir. Ərdoğan önəmli cümləsini əlavə etməyi də unutmamışdı:

“Putin istəsə münaqişə qısa müddətdə həll oluna bilər”. Ərdoğan Putinlə 4 saat qapalı görüş keçirdi. Mümkündür ki, həmin görüşdə Ərdoğan Qarabağ məsələsinə toxunub. Ancaq Putinin bu mövzuda ümumi ifadələr işlətdiyi və dərhal başqa mövzuya keçdiyi ehtimalı yüksəkdir. Kreml sahibi Ərdoğanın dediyi kimi, Qarabağ münaqişəsinin həllini sürətləndirəcək əsas şəxs olsa da, bu imkandan yararlanmaq istəmir. Çünki bunun üçün onun irəli sürdüyü şərtlər Azərbaycan üçün ağırdır. Bu şərtlər yerinə yetirilmədən isə Moskva Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərməyəcək. Ona görə də Türkiyə və Rusiya prezidentləri görüşdən sonra ortaq mətbuat konfransında Qarabağ haqqında bir kəlmə də demədilər. Demək, razılıq yoxdur.

İkincisi, Ərdoğan türkmən qazının Xəzərin dibi ilə Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə daşınmasını istəyir. Bu məsələdə də əsas söz sahibi Putindir. Çünki məhz Kreml ekologiya bəhanəsiylə Xəzərin dibi ilə qaz boru xəttinin çəkilişinin əleyhinədir və Aşqabadla Bakı buna etiraz edə bilmirlər. Ərdoğan bu problemin həllində də Putindən dəstək ala bilmədi.

Üçüncüsü, Ərdoğan Türkiyə-Rusiya iqtisadi əlaqələrinin tam bərpasına nail olmasına baxmayaraq, Moskvanın Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvinə nail ola bilmədi. Bu da Rusiyada çalışan türkiyəli iş adamları üçün bəlli çətinliklər yaradır. Putin bu məsələnin həllini də sonraya saxladı. Görünür, Putin bu yolla Ərdoğana başa salmaq istəyir ki, Türkiyənin Rusiyanın hərbi təyyarəsini vurmasını qısa müddətdə unudub bütün məsələləri yoluna qoymayacaq. Nə olsun ki, Ərdoğan vurulan təyyarəyə görə üzr istədi? Putin məşhur rus yazıçısı Fyodr Dostoyevskinin əsərində olduğu kimi “cinayətin cəzasız qalmadığı” fikrini Ərdoğana aşılamaq istəyir.

Dördüncüsü, Ərdoğan Soçiyə yollanmadan əvvəl yumşaq şəkildə belə bir ifadə işlətmişdi ki, Rusiya və ABŞ silahlı birləşmələri Suriyanı tərk etməli və bazalarını ləğv etməlidirlər. Görünür, Ərdoğan bu açıqlama ilə Putinlə görüş ərəfəsində Kreml sahibinin nəbzini yoxlamaq istəyib. Nəbzini yoxladı, nəbzdə heç bir dəyişiklik yoxdur. Putin Rusiya qoşunlarını Suriyadan çıxarmayacaq, bazalar da yerində qalacaq. Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində olduğu kimi Suriya ilə bağlı da tam təminat almadan bu ölkəni tərk etməyəcək”.

“Atlas” qeyd edir ki, beləliklə, Ərdoğanla Putinin görüşləri getdikcə bir-birini təkrarlayır: “Həll olunası məsələlər görüşdən əvvəl də həllini tapıb, Ərdoğanın Putinlə həll etmək istədiyi məsələlər isə yerində sayır”.


Müəllif: Sәxavәt

Oxşar xəbərlər